Gürcüstanın Ədliyyə Nazirliyi 34 keçmiş məhkumun biznes ideyasını maliyyələşdirib.
Bu barədə 'Abzas' Gürcüstan İctimai Televiziyasına istinadən xəbər verir. Məlumata görə, Ədliyyə Nazirliyinin keçmiş məhbusların biznes təşəbbüslərini dəstəkləyən layihəsi, cəzasını başa vurmuş şəxslərin təkrar sosiallaşdırılması, iqtisadi əməkdaşlıq və məşğulluğu məqsədilə həyata keçirilir.
Ən yaxşı biznes ideyaları müsabiqə əsasında seçilib. Ədliyyə Nazirliyinin layihənin benefisiarlarına ayırdığı məbləğlərin həcmi biznesin spesifikasiyasından asılı olub. Minimum maliyyələşdirmə məbləği 2 min lari (746 dollardan artıq), maksimum məbləğ isə 5 min lari (1,8 min dollardan artıq) təşkil edib.
Həbsdən çıxan vətəndaşların adoptasiyası üçün həyata keçirilən layihədə keçmiş məhbuslar müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı, xidmət və istehsal sahələri üzrə təkliflər irəli sürə bilərlər. Qrant müsabiqəsində Cinayətkarlıqla Mübarizə Mərkəzinin benefisiarları iştirak edirlər.
34 ən yaxşı ideyanın müəllifi ilə görüş Sameqrelo əyalətində baş tutub, burada 13 qalib müəyyən edilib. Tədbirdə Gürcüstan Ədliyyə Nazirliyinin Cinayətkarlıqla Mübarizə Mərkəzinin direktoru Lado Cavaxişvili və Abxaziya humanitar xeyriyyə mərkəzinin nümayəndələri iştirak ediblər.
Həmçinin, Tbilisidən altı, Kvemo Kartlidən isə bir keçmiş məhbus Ədliyyə Nazirliyindən qrant alıb. Bundan başqa İmereti, Şida-Kartli, Kaxeti və Acariya bölgələrindən dörd, Mtsxeta-Mtianeti bölgəsindən isə iki biznes ideyası maliyyələşdirilib.
Layihənin müəllifləri qeyd edirlər ki, keçmiş məhbusların şəxsi bizneslərini qurmaqları sabit gəlir mənbəyi təmin etməklə yanaşı, eyni zamanda onlara psixoloji problemlərini aradan qaldırmaq imkanı yaradır. Bu da təkrar cinayət törətmək riskini minimuma endirir.
Ədliyyə naziri Tei Tsulukianinin təşəbbüsü ilə "Keçmiş məhbusların biznes təşəbbüslərinə dəstək" layihəsi 2013-cü ildən etibarən həyata keçirilir. 2013-2018-ci illərdə Gürcüstanın Ədliyyə Nazirliyi 108 keçmiş məhbusun biznes ideyasını maliyyələşdirmişdir, onlardan 24-ü qadındır.