Gürcüstan əhalisi azalır: 1,4 milyon vətəndaş ölkədən gedib

Gürcüstan əhalisi azalır: 1,4 milyon vətəndaş ölkədən gedib
1 Mart 2019
Mətni dəyiş

Gürcüstanda “Cəmiyyət və Banklar” adlı Qeyri Hökümət Təşkilatı ölkədə doğumların sayının azalması, miqrasiyanın yüksək səviyyəsi və əhalinin yaş ortalamasının yükəslməsi haqqında statistik məlumatları toplayaraq bir araşdırma aparıb.

Təşkilatın "Ekhokavkaza" radiosuna verdiyi məlumatına görə Gürcüstan müstəqil olandan bu günə kimi ölkənin əhalisi mütəmadi olaraq azalır. Gürcüstan Statistika Xidmətinin məlumatına görə 2002-ci ildən 2017-ci ilə qədər ölkəni 1 milyon 400 min sakin tərk edib.

“Özü də həmin sakinlər ölkənin ən əmək qabiliyyətli və enerjili hissəsidir. Onlar potensiyallarını Gürcüstandan kənarda gerçəkləşdirməyə çalışıblar” – deyə başqa bir araşdırma “İnsan kapitalı və ölkənin iqtisadiyyatının inkişafı” araşdırmasının müəllifi Tatuli Duşuaşvili deyib.

“Bütün postsovet dövründə ölkənin əmək qabiliyyətli vətəndaşları sürətlə azalmaqdadır: 1995-ci ildən 2002-ci ilə qədər ilk dəfə olaraq doğumların sayı, ölümlərin sayından ildə ortalama 3% geridə qalıb, 2008-ci ildə qədər bu sayda balans olub və ilk dəfə 2008-ci ildə doğumların sayı ölümlərin sayını üstələyib, və elə bu vaxt Gürcüstan yeni bir problemlə üzləşib, ölkənin əhalisi daha inkişaf etmiş Avropa ölkələrinə axın etməyə başlayıb. Ölkəni tərk edənlər əsasən gənclər olduğu üçün Gürcüstan əhalisi yaşlanır, əhalinin 14,6 %-i 65 yaşını ötmüş insanlardır, misalçün 1994-cü ildə bu rəqəm cəmi 10% idi. Savadlı kadrların ölkədən çıxıb getməsi ölkənin insan kapitalından ümumi itkidir və bu həm də iqtisadiyyatın inkişafına mənfi təsir göstərir”.

Tbilisi Dövlət Universitetinin professoru İosif Arçvadze isə başqa statistik məlumatları təqdim edir:

“Gürcüstan postsovet ölkələri arasında xalqın orta yaş həddiylə bağlı liderdir. Belə ki, 1991-ci ildə xalqın orta yaşı 31 yaş idi, indi isə bu 38 yaşa qədər yüksəlib. Bu rəqəmlər artıq qapıda dayanan demoqrafik faciənin ayaq səsləridir. Ölkəni tərk edən vətəndaşların 85%-i 20-50 yaş arasındadır. Gürcüstanın özündə isə 20-50 yaş arası insanlar əhalinin cəmi 41%-ini təşkil edir. Daha pisi isə odur ki, zəif inkişaf etmiş ölkələrdən Gürcüstana axın edən insanlar isə adətən aşağı dərəcəli ixtisasları olan və üçüncü dünya ölkələrinin vətəndaşlarıdır, bu isə ölkənin itirdiyi sosial fondu heç cürə yaxşılaşdıra bilmir” – deyə Arçvadze deyir.

Arçvadzenin sözlərinə görə Gürcüstanda vəziyyət qonşu ölkələr Ermənistan, Azərbaycan və Türkiyəylə müqaisədə daha pisdir. Məsəlçün, Ermənistanda Gürcüstanla müqaisədə hər 100 təqüdçünün yerinə üç iki dəfə çox yeni uşaq, Azərbaycanda üç dəfə çox, Türkiyədə isə dörd dəfə çox yeni uşaq dünyaya gəlir. Belə çıxır ki, zamanla Gürcüstanın əhalisi arasında təqaüdçülər get-gedə artacaq və bu büdcəyə nəhəng təqaüd yükü yaradacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun