Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan vətəndaşı Fəxrəddin Abbasov barədə məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.
Rəsmi məlumatda bildirilir ki, Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
"Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib".
DTX bildirir ki, hazırda Fəxrəddin Abbasovun Ermənistana səfərləri, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, həmin ölkədə keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.
Fəxrəddin Abbasovun vəkili nə deyir?"Fevralın 26-da Fəxrəddin Abbasova Rusiyada sığınacaq verilməsindən imtina edilib. 27-də isə saxlandığı İstintaq Təcridxanasından yoxa çıxıb".
Bunu F.Abbasovun vəkili Rodion İdrisov AzadlıqRadiosuna deyib.
Vəkilin sözlərinə görə, fevralın 28-də Moskva vilayətinin Lyuberetsk məhkəməsində proses olmalı idi, F.Abbasovun maraqlarını qorumaqdan ötrü çox adam yığılsa da, məhkəmə prosesi olmayıb.
R.İdrisovun bildirdiyinə görə, sonra eşidiblər ki, burada məhkəmə olub. Vəkil əslində məhkəmə olmasına inanmır:
"Əgər belə bir proses olsaydı, bundan xəbərimiz olardı. Sonradan sadəcə sənədlər vasitəsilə belə bir görüntü yaradıblar ki, guya onun Azərbaycana ekstradisiyası qanun çərçivəsində baş verib".
Vəkil bildirib ki, eşitdiyinə görə, F.Abbasov Azərbaycan əleyhinə çağırışlarda ittiham edilib.
"Onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə gəldikdə isə, istintaq materiallarında belə hal olmayıb", - deyə vəkil bildirib.
Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilir ki, 1994-cü ildən Rusiyada yaşayan Fəxrəddin Abbaszadə 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma "Talış-Muğan Respublikası"nın parlament spikeri olub.
O dəfələrlə Ermənistana səfər edib orda təşkil olunmuş seperatçı tədbirlərə qatılıb, Azərbaycanın bütövlüyü əleyhinə çağırışlar edib.