Uzun müddətdir iqtisadi problemlərlə çarpışan və ikihakimiyyətliliyin hökm sürdüyü Venesuelada müxalif lider Xuan Quaido özünü "müvəqqəti prezident" elan etdikdən sonra ölkə əhalisinin 250 minə yaxını ölkəni tərk edib və xarici ölkələrdə sığınacaq istəyiblər.
BMT-nin mühacirlər üzrə komissarlığının məlumatına görə 2014-cü ildən indiyəqədər Venesueladan 414 min nəfərə yaxın qaçqın başqa ölkələrdə sığınacaq üçün müraciət edib. Bu müraciətlərin 60 faizi, yəni 243 mini 2018-ci ildə baş verib. 2017-ci ildə isə ölkədən mühacirət edənlərin sayı 110 min nəfəri keçib.
"DeutschWelle" alman radiosunun verdiyi məlumata görə, mühacirət edənlərin üçdə ikisi Latın Amerikası ölkələrinə gediblər. Yerə qalanları isə Şimali Amerika ölkələri və Avropa ölkələrinə sığınacaq üçün müraciət ediblər.
2014-cü ildə bütün dünyada neftin qiymətinin düşməsi nəticəsində Venesula iqtisadiyyatı kəskin düşüş yaşayıb. İllik inflyasiya yüzdə iki milyon faizə qalxıb, minimum əmək haqqı isə altı dollara enib.