Avropa Parlamenti ‘Avropanın öz Magnitsky Aktı’ barədə qətnamə qəbul edib

Avropa Parlamenti ‘Avropanın öz Magnitsky Aktı’ barədə qətnamə qəbul edib
15 Mart 2019
Mətni dəyiş

Avropa Parlamenti Avropa İttifaqını insan haqlarını pozanların cəzalandırılması üçün ABŞ-ın Magnitsky Qanununa bənzər sanksiyalar çərçivəsini ehtiva edən qanunvericilik aktının qəbuluna çağıran qətnaməni böyük səs çoxluğu ilə təsdiqləyib.

Martın 14-də qəbul edilmiş qətnamə ittifaqın 28 üzvünün təmsil olunduğu Avropa Şurasını “insan haqlarının ciddi pozuntusuna görə hər hansı fərdin, dövlətin və qeyri-dövlət vahidinin Avropa boyunca çevik hədəflənməsinə imkan verən muxtar, hərəki və təsirli sanksiya rejiminin” qəbuluna çağırır.

Azadlıq Radiosunun məlumatına görə, qətnamədə tövsiyə olunur ki, insan haqları pozuntularını bütün dünyada hədəfləyə bilən sanksiyalar rejimi Sergey Magnitsky-nin adını daşımalıdır.

Birləşmiş Ştatlarda 2012-ci ildə qəbul edilmiş Magnitsky Qanununun ilkin məqsədi rusiyalı vergi mühasibi Sergey Magnitsky-nin ölümünə məsul olan Rusiya rəsmilərinin cəzalandırılması idi, lakin 2016-cı ildən bəri bu qanun qlobal miqyasda tətbiq edilə bilər.

Qlobal Magnitsky Qanunu (The Global Magnitsky Act) ABŞ hökumətinə onun düşüncəsinə görə insan haqlarını pozanların aktivlərini dondurmaq, bu adamların ABŞ-a daxil olmasını qadağan etmək səlahiyyəti verir.

Avropa İttifaqının üzvü olan Estoniya, Latviya, Litva və Britaniya ciddi insan haqları pozucularının cəzalandırılması üçün özlərinin müvafiq qanunlarını artıq qəbul ediblər.

Noyabr ayında Hollandiya Avropa İttifaqı miqyasında belə bir qanunvericilik aktının qəbuluna çağırmışdı. Təklifə görə bu qanun yaşadığı yerdən asılı olmayaraq hər hansı insan haqları pozucusunun cəzalandırılmasına, aktivlərinin dondurulmasına və ona viza qadağanı qoyulmasına imkan verməli idi.

Belə bir çərçivənin qəbul edilməsi məsələsi hazırda Avropa Şurasındakı diplomatlar tərəfindən müzakirə edilir.

Adlarının açıqlanmasını istəməyən mənbələr AzadlıqRadiosuna bildiriblər ki, belə bir sanksiya rejiminin qəbulu üçün yekdilliyin əldə olunması asan olmaya bilər.

Bu mənbələr həm də deyiblər ki, hətta qəbul olunacağı təqdirdə belə bu sanksiya rejimi ilk növbədə Rusiya vətəndaşlarına qarşı deyil, afrikalı və asiyalı şübhəlilərə tətbiq ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun