7 Mart 2019
Mətni dəyiş
Avropa Məhkəməsi bu gün nidaçı siyasi məhbus İlkin Rüstəmzadənin şikayəti üzrə qərarını elan edib. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
Avropa Məhkəməsi İlkin Rüstəmzadənin 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayət üzrə qərarını elan edib.
Məhkəmə hesab edib ki, İlkinin həbsi üçün əsaslı şübhə mövcud olmayıb. Konvensiyanın 5.1-ci maddəsinin pozuntusu tanınıb, 18-ci maddə tanınmayıb.
Avropa məhkəməsi mənəvi zərərə görə İlkin Rüstəmzadəyə 20.000 avro, məhkəmə xərclərinə görə 2500 avro kompensasiya müəyyən edib.
Xatırlatma
NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.
2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb.
Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli hesab etsə də, Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.