Gənc fəal Rafael Hüseynovun yenidən inzibati qaydada həbs edildiyi bildirilir. Bu barədə onun atası Füzuli Hüseynov AzadlıqRadiosuna məlumat verib.
Füzuli Hüseynovun sözlərinə görə, Mehdiabad qəsəbə polisində ona deyiblər ki, R.Hüseynovu fevrlaın 28-də Abşeron Rayon Polis Şöbəsinə aparıblar:
“Abşeron Rayon Polis Şöbəsindən isə bildirdilər ki, Rafael Hüseynova 30 sutka inzibati cəza verilib. Amma bu cəzanın nə ilə bağlı olması haqqında heç nə demədilər”.
F.Hüseynov daha sonra Abşeron Rayon Polis Şöbəsində saxlama yerindən şikayətlənib:
“Burada kameralar uzunmüddətli saxlama üçün yararlı deyil. Mən özüm burada saxlanmışam, kameralar qızdırılımır, antisanitariyadır, qidalanma olduqca pisdir. Başa düşə bilmirəm ki, inzibzati qaydada həbs olunanlar üçün xüsusi saxlama yeri olduğu halda (Binəqədi Müvəqqəti Saxlama Təcridxanası nəzərəd tutulur - red) mənim oğlumu Abşron polisində niyə saxlayırlar” - F.Hüseynov qeyd edib.
Onun bu açıqlamasına, hələlik, Abşeron Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
"Gənc fəal azad olunduqdan 4 gün sonra yenidən saxlanıb"
F.Hüseynov deyib ki, oğlu fevralın 24-də 30 sutkalıq inzibati həbsdən azad edilimişdi:
“Fevralın 28-i axşama yaxın evə mülki geyimli 3 nəfər gəlib, onlardan biri özünü Mehdiabad qəsəbə polisinin sahə müvəkkli kimi təqdim edib. Onlar R.Hüseynovla “söhbət etmək” istədiklərini deyiblər”
Atasının deməsinə görə, həmin vaxt Rafael Hüseynov evdə olmayıb:
“Bir saat sonra evə gələn R.Hüseynov xəbər tutub ki, polisdən onu axtaraırlar, şöbəyə gedib. Bu təqribən saat 20 radələrində olub və həmin vaxtdan ondan heç bir xəbər yoxdur. Biz gözlədik ki qayıdar, gəlmədi. Mehdiabad qəsəbə polsinə gedib vəziyyəti öyrənəcəm” - F.Hüseynov bildirib.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
R.Hüseynzadə yanvarın 25-də Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək başına "Siyasi məhbuslara azadlıq!" tələbi ilə aksiya keçirib. Gənc saxlanmazdan əvvəl vurğulayıb ki, hakimiyyət müxalifətə mitinq keçirməyə icazə vermir və bu səbəbdən də o, bu formada öz sözünü deyir.
R.Hüseynzadə İnzibati Xətalar Məcəlləsinin 525.1-ci (polisin qanuni əmrlərinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
R.Hüseynzadənin atası AXCP fəalı Füzuli Hüseynov özü də bir neçə dəfə metro stansiyaları qarşısında "Siyasi məhbuslara azadlıq!" tələbi ilə tək aksiya keçirib. Hər dəfə o, aksiya zamanı saxlanıb və inzibati həbs cəzası alıb.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Müxalif qüvvələrin son bir neçə aksiyalarına razılıq verilməməsini isə Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 19-da keçirilən son aksiyasından sonra ictimai asayişin pozulması ilə izah edib. Milli Şura isə bunu bəhanə sayır.