Əlcəzairdə hökümət istefa verdi, prezident seçkilərdə iştirak etməyəcəyini deyir

Əlcəzairdə hökümət istefa verdi, prezident seçkilərdə iştirak etməyəcəyini deyir
12 Mart 2019
Mətni dəyiş

Əlcəzair höküməti ölkədə kütləvi nümayişlərdən sonra istefaya gedib. Bu haqda ölkənin rəsmi xəbər agentliyi prezident dəftərxanasına istinadən xəbər yayıb.

Uzun illərdir ölkənin prezidenti olan Əbüləziz Buteflika isə prezident seçkilərinin təxirə salındığını və növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməyəcəyini bildirib.

Əlcəzairdə fevralın 22-dən başlayan kütləvi xalq etirazı prezident Əbdüləziz Buteflikanın növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlamasından sonra başlayıb.

Buteflikanın əleyhdarları onun qocalığının və sağlamlığının pis olması üzündən ölkəni elə də effektiv idarə edə bilməməsini deyirlər və təcili seçkilər keçirməyi tələb edirlər.

Buteflikanın seçiləcəyi halda islahatlar aparacağı və sonra növbədənkənar seçilər keçirib hakimiyyətdən əl çəkəcəyi ilə bağlı vədi də vəziyyəti yumşaltmayıb. Ölkədə vəziyyət sürətlə gərginləşməkdədir və etirazlara hər gün yeni siyasi qüvvələr, həmkarlar təşkilatları qoşulur.

82 yaşlı Əbdüləziz Buteflika ilk dəfə 1999-cu ildə prezident seçilib, bundan sonra o üç dəfə daha prezident olub. 2019-cu il fevralın onunda o beşinci dəfə prezidentliyə namizədliyini sürsə də xalqın güclü müqaviməti ilə üzləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun