Fəaliyyətini dayandırmış "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızının yaxın günlərdə yeni informasiya agentliyi yaradacağı barədə məlumat yayılıb.
Məlumata görə, yeni agentliyin ötən ilin avqustunda qapadılan APA-nın bazasında yaradılacağı güman edilir. Bu barədə Meydan TV məlumat yayıb.
Belə ki, 11 fevral 2019-cu ildə Vergilər Nazirliyində “Online Nyus Agency” Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçən qurumun qanuni təmsilçisi Vüsalə Mahir qızı Abışovadır.
Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı kimi V.Mahirqızının Zabratdakı evi göstərilir.
İnternetdə “Ona.az” domeni isə Zaur Arif oğlu Xəlilovun adına qeydiyyata alınıb. Zaur Xəlilovun qeydiyyat səhifəsindəki e-mail ünvanı da “apa” ilə başlayır. Zaur Xəlilov APA Holdinqin maliyyə meneceri, Vüsalə Mahirqızının isə bacısının həyat yoldaşıdır.
“APA” informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərirdi. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında “APA Holdinq” təsis olunub.
Holdinqə Azəri Press Agentliyi, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC daxil idi.
Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri Nurşən Quliyev olub.
Agentliyə məxsus saytlara giriş 2018-ci ilin avqustun 1-də dayandırılıb.
Səbəb kimi elə həmin gün prezident İlham Əliyevin müharibə veteranlarına avtomobil və evlərin verilməsi ilə bağlı keçirilən mərasimdəki çıxışının səhv yazılması göstərilib.
APA holdinq bağlanandan sonra holdinq əməkdaşlarının bir qrupu ilə “e-tibb.az”, “limak.az” kimi biznes saytlar yaradılıb.