Təbriz İnqilab Məhkəməsi Abbas Lisaninin 10 aylıq həbs hökmünü qətiləşdirib. Amma tanınmış türk fəal haqqında yanvarın 15-də nəzarət altına alındıqdan bəri dəqiq məlumat yoxdur.
Günaz TV-in məlumatına görə, hakim Əhrari Lisanini “rejimə qarşı təbliğat fəaliyyəti göstərmək”-də günahlandırıb.
Milli fəal göstərdiyi siyasi fəaliyyətlər, o cümlədən Güney Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə bu ittihama məruz qalıb.
Abbas Lisani yanvarın 5-də daha əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmənin çıxardığı 10 ay həbs hökmünün icrası üçün tutulmuşdu. Lakin bir neçə gün sonra məhkəmənin qiyabi keçirilməsinin qanunsuz olduğuna dair etirazının qəbul edilməsi ilə müvəqqəti azadlığa buraxılmışdı.
Milli fəal təkrar mühakimə olunub. Amma təhlükəsizlik qurumu məhkəmənin qərarını gözləməyib, onu həmin gün məhkəmə iclasının tamamlanmasından sonra nəzarət altına alıb.
Əvvəllər illərlə İran həbsxanalarında saxlanılmış tanınmış türk fəal Abbas Lisaninin yenidən həbs edilməsi Güney Azərbaycanı və Azərbaycan Respublikasında geniş təpkilərə yol açıb.