Sosialist Berni Sanders yenidən prezidentliyə namizəd olmaq üçün kampaniyaya başlayıb

Sosialist Berni Sanders yenidən prezidentliyə namizəd olmaq üçün kampaniyaya başlayıb
20 Fevral 2019
Mətni dəyiş

ABŞ-ın Vermont ştatından senator olan Berni Sanders növbəti prezident seçkilərində prezidentliyə namizəd olmaq üçün kampaniyaya başladığını elan edib.

Berni Sanders 2016-cı ildəki seçkilərdə açıq-açığına sosialist olduğunu elan etmiş və Demokrat Partiyasının namizədi Hillari Klintonun əsas rəqibi idi.

Sandersin gənclər arasında çoxlu tərəfdarları olsa da onun 77 yaşı var və bu onun ən zəif tərəfidir. Çünki, ABŞ siyasətində yaş çox mühüm rol oynayır. Sanderssə indiki prezident Donald Trampdan da yaşlıdır.

"Biz 2016-cı ildən kompaniyamıza siyasi inqilab və uğrunda mübarizə apardığımız ideyanı irəli sürmək üçün başlamışıq", - deyə Sanders tərəfdarlarına etdiyi videomüraciətində deyib.

"Məqsədimiz təkcə müasir ABŞ tarixinin ən təhlükəli prezidenti Trampa qalib gəlmək deyil. Kampaniyamız ölkəmizi yenidən qurmaq planımızı təbliğ edəcək. Yeni yaratmaq istədiyimiz hökümət iqtisadi, irqi, sosial və ekoloji ədaləti təmin etməyi üzərinə götürəcək" - Sanders deyib.

Sanders öz müraciətində universitetlərdə pulsuz təhsil sistemi qurmaq, miqrasiya islahatları keçirmək, həbsxana sistemində dəyişikliklər etmək, məcburi tibbi sığorta sistemini işə salmaq kimi islahat planlarından danışıb.

Siyasətçi ölkədə silahlanmanın gərgin vəziyyət yaratdığını bildirərək, silah satışlarını məhdudlaşdırmaq, silah gəzdirməyi qadağan etmək kimi ideyalarını irəli sürüb.

Tələbələr və işləyən gənclərin əksəriyyəti Sandersi təhsil sistemində vəd etdiyi islahatlara və təhsilə görə borcu olan tələbələrə yardım etmək vədinə görə dəstəkləyirlər.

Təhsilə görə borclanma ABŞ tələbələrinin çox böyük hissəsinin ortaq problemidir. O, həmçinin nəhəng biznes adamlarına qarşı da çıxış edir, onlardan elə nəhəng vergilər alınmasını da təklif edir.

Sandersin kampaniyası bildirib ki, seçkiyə gedəcəyini açıqlayandan sonra 12 saat ərzində 4 milyon dollar ianə yığıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun