Putinin azərbaycanlı keçmiş nümayəndəsi həbs edilib

Putinin azərbaycanlı keçmiş nümayəndəsi həbs edilib
13 Fevral 2019
Mətni dəyiş

Rusiyanın Rostov şəhərində Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti Söyün Sadıqov həbs edilib.

Bu barədə News-24.ru saytı xəbər yayıb. Bildirilir ki, eks-diaspor rəhbəri iş adamlarından birinin 100 milyon rubl almaqda və torpağını qəsb etməkdə ittiham olunur.

Məlumata görə, 59 yaşlı Sadıqov Rostovdan olan biznesmen Madiros Oskanova qarşı cinayət əməli törədib.

Portal bildirir ki, Söyün Sadıqov bu əməlini biznes-ledi Yuliya Mazur və adı açıqlanmayan daha bir şəxslə həyata keçirib. Belə ki, onlar özlərini Oskanova “İnterles L” şirkətinin əməkdaşları kimi təqdim ediblər.

Daha sonra Oskanovun direktoru olduğu “Nebuq” şirkətinin balansında qanunsuz pul və torpaq yerləşdiyini sübut etməyə çalışıblar. M.Oskanovun həbs edilməməsi üçün isə sadəcə onlara 100 milyon rubl və 1 hektar torpaq sahəsi verməyi tələb ediblər.

Oskanov ona oyun qurulduğundan şübhələnərək polisə müraciət edib. Bundan sonra o, Rostov-na-Donuda “Ris” restoranında Sadıqovla görüş təyin edib. Sadıqova 5 milyon rubl verdiyi zaman masaya ofisiantlar əvəzinə polislər yaxınlaşaraq keçmiş diaspor rəhbərini saxlayıblar.

Rostov Daxili işlər Nazirliyi Sadıqova qarşı “mütəşəkkil qrup tərəfindən törədilən böyük miqyasda dələduzluq” maddəsi ilə cinayət işi açıb. İttiham təsdiqini taparsa, Söyün Sadıqovu 10 il müddətinə həbs cəzası gözləyir.

O, 2012-2018-ci illərdə Rusiya prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. S.Sadıqov Rusiyanın Gürcüstana qarşı müharibəsini və Rusiyanın Krımı ilhaq etməsini haqlı sayıb.

1960-cı ildə Gürcüstanda anadan olan Söyün Sadıqov uzun illər Rusiyada Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun