Özbək müxalif, 23 ildir mühacirətdə yaşayan milli fəal və özbək müxalifətinin tanınmış simalarından biri Dr. Namoz Normo’min (Namaz Nurmömün) "Abzas"-a müsahibə verib.
Namaz Nurmömün Özbəkistanda yeni prezident Şövkət Mirziyayev hakimiyyətə gələndən sonra ölkədə aparılan islahatlar və İslam Kərimov dövründəki siyasi vəziyyət arasında müqayisələrini və başqa bir sıra məsələlərlə bağlı suallarımızı Norveçin paytaxtı Oslodan cavablandırır.
"Azərbaycan, Özbəkistan, Türkmənistan kimi ölkələr nə İran kimi teokratik dövlətə, nə də Səudiyyə kimi ailə krallığına çevrilib idarə edilə bilməz"
- Namaz bəy, lütfən bir qədər bizə özünüzdən bəhs edin? Siyasi fəaliyyətə necə başladınız və Özbəkistanı nə zaman tərk etdiniz?
- İslam Kərimov sovet Özbəkistanının başında olduğu dönəmlərdə Özbəkistanın müstəqilliyinə imkan vermirdi və özbək xalqı milli, dini, sosial azadlıqlarını istəyirdi. Biz bu azadlığı tələb edirdik. O zaman müstəqillik tərəfdarı olan “Erk” partiyası var idi və mən o partiyanın rayon şöbələrinin birinin sədri və icariyyə komitəsinin üzvü idim. Bizim müstəqillik uğrunda gərgin mübarizəmiz oldu. Xalqı müstəqil olmağa çağırdıq, xalqa bəyanatlar yaydıq, müstəqilliyin üstünlüklərini izah etdik, nəticədə Kərimov xalqın müstəqillik istəyinə əməl etməyə məcbur oldu. Bundan sonra biz xalqımıza azadlıqlar tələb etdik. Tələbimiz, fərdi azadlıq, cəmiyyətin azadlığı, siyasi azadlıqlar, azad seçkilər idi. Amma İslam Kərimov bunları qəbul etmədi və bir çox mübarizə yoldaşımızı həbsə atdı. Bundan sonra mən də 1993-cü ildə ölkəni tərk etmək məcburiyyətində qaldım. Artıq 26 ildir ölkədən kənardayam. 2013-cü ilə qədər “Özbəkistan Xalq Hərakatının” rəhbərlərliyində təmsil olunmuşam, sonra oranı tərk etdim, hal-hazırda Türkiyədə fəaliyyət göstərən “Türkistanlılar” cəmiyyətinin sədr müaviniyəm.
"Mirziyayev xarici siyasətdə çoxlu islahatlar etsə də, daxili siyasətdə belə islahatlar azdır. Hakimiyyətdəki keçmiş İslam Kərimov kadrları islahatlara mane olur"
- Özbəkistandakı indiki Şövkət Mirziyayev idarəetməsi ilə İslam Kərimov rejimi arasında fərq varmı? Əsas fərqlər nələrdir?
[caption id="attachment_74773" align="aligncenter" width="700"] Özbəkistanın eks prezidenti İslam Kərimov və Şövkət Mirziyoyev[/caption]- Bəli fərqlər var, Mirziyayev Kərimov deyil və indiki Özbəkistan artıq o zamankı Özbəkistan deyil. Özbəkistan indi keçid dövrünə girib. Biz Türkistan, Mavərənnəhr hövzəsi, Orta Asiya ya da Mərkəzi Asiya dediyimiz 6 milyon kv/km bölgənin taleyi ilə bağlı Mirziyayev önəmli işlər gördü. Bundan əvvəl bizim digər qonşu ölkələrlə əlaqələrimiz çox zəif idi. İlk dəfə olaraq Mirziyayevin təşəbbüsü ilə Orta Asiyadakı beş ölkənin rəhbərləri bir araya gəldilər və qərar verdilər ki, bundan sonra Rusiya və Çin təsirindən kənarda öz aralarında müstəqil olaraq görüşüb bu bölgənin taleyi ilə bağlı addımlar atsınlar. Türkiyə ilə münasibətl qaydasına salındı, türk vətəndaşları Özbəkistan vətəndaşları isə Türkiyəyə vizasız gedib-gəlmək imkanı əldə etdilər. Xarici siyasətdə xeyli dəyişikliklər və canlanmalar oldu, ancaq daxili siyasətdə hələlik elə bir dəyişiklik yoxdur.
- Özbəkistanda daxili siyasətdə dəyişikliklərə nə mane olur?
- İndi ölkənin ən yuxarı idarəetməsində oturan kadrlar diktator İslam Kərimovdan qalan kadrlardır. Onlar ölkədə dəyişiklikləri istəmirlər, Kərimov dönəmində ölkə qeyri-rəsmi şəkildə “MXX” (özbəkcə Milli Xafızlık Xidməti - Milli Təhlükəsizlik Xidməti – azərbaycanca) dediyimiz təşkilatın əli ilə idarə olunurdu. İndi ölkə haqqında bildiyim odur ki, Mirziyayev və komandasının aparmağa çalışdığı islahatlara köhnə kadrlar tərəfindən ciddi müqavimət var. Ölkənin keçmiş Təhlükəsizlik Xidməti rəhbəri Rüstəm İnayətov Mirziyayev tərəfindən vəzifəsindən çıxarılıb, bu təşkilatın öz daxilində də dəyişiklik edilib, adı da dəyişdirilib DXX “Dövlət Xafızlık Xidməti” qoyulub. Təşkilata yeni qoyulan sədr İxtiyar Abdullayev də keçən həftə vəzifəsindən çıxarılıb və həbs olunub. Onun vəzifədən çıxarılmağının səbəbi Mirziyayevə üsyan, yaxud rüşvət ittihamıdır.
Köhnə kadrlar Özbəkistanın dəyişilməsinə mane olurlar. Məsəlçün, hələ də Özbəkistan özünə bir ideologiya seçməyib, ölkənin şərqəmi, qərbəmi üz tutacağı bəlli deyil, milli, dini inanclar ideoloji olaraq işlənib hazırlanmayıb. Ölkənin demokratikləşdiyini demək mümkün deyil. Hələ də müxalifət partiyalarına icazə yoxdur. Özbəkistanda ciddi senzura var, internet bloklanıb. Facebook və youtube kimi saytlar ölkənin 80 faizində bloklanmış haldadır. Fikir azadlığı istənilən səviyyədə deyil. Ancaq müsbət hadisələr də olur, əvvəl ölkənin bölgələrini idarə edən “Hakim” adlandırdığımız adamlara hüdudsuz səlahiyyətlər verilmişi, indi o səlahiyyətlər hüdudlandı və artıq bölgələri hakimlər “xalq məclisləri” ilə birgə idarə edəcək. Hələ lap yaxınlarda eşidirik ki, bəzi bölgələrdə internetə qoyulan bloklanma ləğb edilib. Onun üçün də mən Mirziyayevin islahatlarını dəstəkləyirəm və gözləyirəm ki, Kərimovçu kadrlardan tezliklə xilas olub, dövləti yeni şəkildə yenidən qura biləcək.
"İslam Kərmimov dövründə ölkədə 18 min siyasi məhbus vardı. Mirziyayev onların çoxunu həbsdən buraxsa da hələ də ölkədə minlərlə siyasi məhbuslar var"
- Ölkədə siyasi vəziyyət necədir indi? Siyasi məhbuslar varmı?
[caption id="attachment_74775" align="aligncenter" width="700"] Özbək müxaliflər Türkiyədə. Namaz Nurmömünov mərkəzdə.[/caption]- Mirziyayev gələnə qədər ölkədə 20 min inanclı adam qara siyahılara salınmış və nəzarət altında saxlanılırdı, hərçənd bu adamlar həbsdə deyildi. Mirziyayev gələndə bu cür qara siyahını ləğv etdirdi. İslam Kərimov dövründə ölkədə ən az 18 min siyasi məhbus olduğu bilinirdi. Bunların çoxu məşhur insan haqqları müdafiəçiləri, jurnalistlər, siyasətçilər idi. Mirziyayev höküməti onların çoxunu həbsdən buraxdı. Amma hələ də Özbəkistanda minlərlə adam, başda inanclı adamlar olmaqla həbsdədirlər. Dediyim kimi, köhnədən qalmış komandanın üzündən islahatlar tam və qətiyyətli aparıla bilmir. Avtokratik rejim hələ də özünü qorumağa davam edir.
"Türkiyə sekulyarizm və dünyəvilik sahəsində 100 illik qazancını bir gündə itirdi, yenidən islam ölkəsinə çevrildi"
- Bilirsiniz ki, keçmiş sovet respublikalarının çoxu elə Azərbaycan da bura daxil olmaqla sovetlər dağılandan sonra tam demokratikləşə bilmədi. Azərbaycanda bunun səbəbi kimi Rusiyanın bölgədə gücünün hələ də qorumasında və keçmiş sovet liderlərin hələ də hakimiyyətdə olmasında görürlər. Bəs, siz bunun səbəbini nədə görürsünüz. Niyə Azərbaycan, Özbəkistan, Türkmənistan demokratik geriliyinə görə bir-birinə çox bənzəyir?
- Bu çətin sualdır. Ən birinci onu deyim ki, 21-ci əsrin başlanğıcı etibariylə dünyada demokratiya tədricən iflasa uğramaqdadır. 1950-lərdən başlayaraq 2000-ci illərə qədər Qərb özünü demokratiyanın hamisi və təbliğatçısı kimi təqdim edirdi, artıq bu cür deyil. İndi Qərb qeyri-demokratik rejimləri də dəstəkləyir. Misalçün, Misiri göstərə bilərəm. Misirdə iqtidar Sisi kimi bir diktator tərəfindən zorla ələ keçirildi və onu ən çox dəstəkləyən Amerika, Almaniya, Fransa kimi ölkələr oldu. Gözümüzün önündə ən demokratik dövlətlər dəfələrlə ən vəhşi diktatorluqları dəstəklədi.
Bundan əlavə Azərbaycan və bizim kimi ölkələrlə demokratik Qərb ölkələri arasında bir əsas fərq var. O da bizim müsəlman ölkə olmağımızdır. Müsəlman ölkələrin hamısı gözünü Türkiyəyə tikmişdi, Türkiyə necə dəyişəcəksə biz də elə dəyişəcəkdik. Türkiyə təqribən 100 illik bir sekulyarizm dövrü yaşadı və o dövr boşa getdi. 100 ildən sonra yenidən İslama gəlindi.
Mən düşünürəm ki, sekulyarizm, dünyəvilik özü təklikdə müsəlman ölkələri üçün keçərli bir sistem olmadı. Belə sistemdə daima dövlət çevrilişləri, xaoslar olması qaçılmazdır. Onun yerinə yüzdə əlli dünyəvilik, yüzdə əlli islamçılıqdan ibarət, orta xətti qoruyan bir sistem qurulmalıdır. Türk ölkələri nə İran kimi teokratik dövlətə çevrilməməlidir, nə də Səudiyyə Ərəbistanı kimi bir ailə krallıqları olmamalıdır. Dinilik və dünyəviliyi birləşdirən bir sistemin daha uğurlu olar deyə düşünürəm. Bundan əlavə bizlər vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsaslarını da qurmalıyıq. Bütün bunlar olmadan bir dövlət sistemi işləməz və uğursuzluğa düçar olar.
- “Türk birliyi” deyə bir qavram uzun illərdir var və türk xalqlarının rəhbərləri toplaşanda bu haqda tez-tez müzakirələr olur ancaq bu danışıqlar hələlik əmələ keçməyib. Avropa birliyi ya da NATO kimi bir Türk birliyi yoxdur. Bu yoxluğu ən çox bu yaxınlarda uyğur türklərinə qarşı olan Çin zülmü zamanı hiss etdik. Bəs, siz Türk birliyi qavramının gələcəyinə inanırsınızmı?
[caption id="attachment_74774" align="aligncenter" width="700"] Qazaxıstan lideri Nursultan Nazarbayev və Özbəkistan lideri Şövkət Mirziyayev.[/caption]- İnanıram və zərurət də görürəm. İsmayıl Bəy Qaspıralının “Fikirdə birlik, dildə birlik, işdə birlik” ideyası bundan çox zaman öncə deyilsə də bizimçün hələ də aktualdır. Türk birliyi bizim fitrətimizə də uyğundur. Biz müsəlmanıq, amma bundan əlavə türkük də. Allah deyər ki, bir yaxşılıq etmək istəyirsənsə əvvəlcə öz yaxınına etməlidir. Biz özbəklər azərbaycanlılarla çox tez bir-birimizi anlayırıq, türklərlə dilimiz o qədər yaxın deyil. Bu xalqların bir-birinin dillərini öyrənməyə ciddi ehtiyac yoxdur, bir-birinə inteqrasiya etməsi üçün çox qısa müddətdə bir mühitdə qalması bəs edir. Bizim hamımızın dilimiz də, dinimiz də, milli kimliyimiz də eynidirsə belə bir birliyin qurulmaması üçün heç bir səbəb qalmır. Çünki, bu gün bərabər hərəkət etmək qloballaşmanın və geopolitikanın əsas tələblərindən biridir. Ona görə də mən Mirziyayevi dəstəkləyirəm, o Orta Asiya ölkələrini əməlcə birləşdirməyə və birgə addımlar atmasına çalışır.