"Test göstərdi ki, mən təxminən 99 faiz gürcü, 1 faiz isə yunanam. Məndə bir damcı olsun, qeyri-gürcü qanı yoxdur."
Bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
Sabiq prezident qeyd edib ki, bu yaxınlarda ABŞ-da populyar genetik test mərkəzində əcdadlarının miliyyətini öyrənmək üçün genetik yoxlamadan keçib.
Testin nəticəsinə görə Mixail Saakaşvili 99% gürcü çıxıb, qalan 1% genləri isə yunan genləridir.
"Belə məlum oldu ki, əcdadlarım uzun illər boyu gürcülərdən başqa heç kimlə evlənməyiblər və nəslimizdəki bu ənənəni ilk dəfə mən, avropalıyla evlənərək pozmuşam" - deyə Saakaşvili yazıb.
O, etnik azərbaycanlı və ermənilər arasında lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasına dayanıqlı dəstəyin olmasını belə izah edib:
"Ötən seçkilər sübut etdi ki, etnik azlıqlar bizi dəstəkləyir. Bu halda mənim genetik testimin əhəmiyyəti yoxdur. Mən bir neçə dəfə təkrar etmişəm ki, ermənilərə nifrət edənlər üçün erməni, azərbaycanlılara nifrət edənlər üçün isə azərbaycanlıyam. Yəhudilərə nifrət edənlərə qarşı yəhudi olacağam və eyni zamanda, hamıdan daha çox gürcü olmaqda davam edəcəyəm".
M.Saakaşvili qeyd edib ki, hakimiyyətdə olduğu illərdə etnik azlıqlar üçün çox işlər görülüb: "Buna görə də qədir bilən xalq, böyük təzyiqə baxmayaraq, bizə səs verib".
M.Saakaşvilinin Gürcüstanın prezidenti olduğu illərdə dəfələrlə erməni kimliyinə aid olduğu iddia edilmişdi. Bu iddialardan ən məhşurunu tanınmış gürcü teatr xadimi, rejissor Robert Sturua dilə gətirmişdi. O, 2011-ci ildə demişdi ki, "Gürcüstan üçün gürcü prezident istəyirəm, erməni yox. Saakaşvili isə ermənidir".
Bundan öncə erməni mənbələri dəfələrlə Saakaşvilinin babası Mixail Saakovun erməni soyadı daşıdığını və yalnız rektor vəzifəsinə gələndən sonra soyadını Saakaşviliyə dəyişdiyini yazmışdılar.
Sabiq Gürcüstan başçısı dəfələrlə bu iddiaları yalanlamışdı, indi o, onun etnik kimliyi haqqda yalan məlumat yayanlara da cavab verib:
"Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər".