Bu il fevralın ortalarında Səbail Rayon Məhkəməsi ölkə üçün ilk olan bir iddianı icraata qəbul edib.
Azərbaycanda ölkə prezidentinə və onun xanımına - vitse-prezidentə yazdığı məktublara cavab almadığını deyən keçmiş müstəntiq onları məhkəməyə verib.
"On bir ildə prezidentə 115, vitse-prezidentə 41, ümumiyyətlə isə Prezident Administrasiyasına, Ombudsmana və digər aidiyyatı qurumlara 460-dan çox məktub yazmışam, amma heç birinə cavab almadığım üçün məhkəməyə müraciət etdim", keçmiş müstəntiq Fəxrəddin Məmmədov deyir.
O, BBC News Azərbaycancaya danışarkən deyib ki, indiyə qədər "yazdığı məktubların aqibəti barədə ona məlumat verilmədiyi üçün" bu addımı atıb.
Oğuz Rayon Prokurorluğunun keçmiş müstəntiqi Fəxrəddin Məmmədov prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanı, həmçinin, Prezident Administrasiyası, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan da şikayət verib.
"Hər şey deputatlığa namizədliyimi verməklə başladı"
"Hər şey 2005-ci ildə Oğuz rayonundan deputatlığa namizədliyimi verməklə başladı. Məzuniyyətdə idim, qanunlar da imkan verirdi ki, mən namizədliyimi verim. Bunu bildikdə, məni məzuniyyətdən geri çağırdılar ki, mane olsunlar. Mən də dedim ki, namizədliyimi geri götürməyəcəm", - Qarabağ veteranı Fəxrəddin Məmmədov deyir.
Keçmiş müstəntiq deyir ki, "elə bundan sonra da onun qohum-əqrəbasına, ailə üzvlərinə müxtəlif vasitələrlə təzyiq" göstəriblər ki, "deputatlığa namizədliyini verməsin".
"Məcbur olub, namizədliyimi geri götürdüm. Ondan sonra da işdə təzyiqlər başladı. 2007-ci ilin avqustunda məzuniyyətimin 3-cü günündə məni "xidməti və icra intizamının kobud pozuntusuna görə" işdən kənarlaşdırdılar".
7 ildən sonra məhkəmə keçirilib2007-ci ildə məhkəməyə müraciət edən müstəntiqin işinə 7 ildən sonra 2014-cü ilin aprel ayının 29-da baxılıb.
"Həmin gün 120 ərizəni və əlimdəki bütün sənədləri aparıb Heydər Əliyevin qəbrinin üstünə tökəndən sonra özüm də oturdum orada. Ondan sonra guya işimə baxdılar, o da yarımçıq. May ayında çağırıb "istifadə etmədiyim məzuniyyət haqqımın bir qismini" verdilər - 17 min 300 manat. 43 mini qalıb, hələ də verməyiblər", Fəxrəddin Məmmədov deyir.
Keçmiş müstəntiqinsə tələbi təkcə bu olmayıb, onun üçün "ən vacibi işə bərpa edilmək" olub.
"İşimə baxsalar, məni avtomatik işə bərpa etməlidirlər"
İşdən qovulduqdan sonra 11 il yarımdır məhkəmələrdə olduğunu deyən cənab Məmmədov bildirir ki, iş 2015-ci ilin fevral ayından Konstitutsiya Məhkəməsindədir.
"Bilirlər ki, işimə baxsalar, məni avtomatik işə bərpa etməlidirlər, çünki səbəbi nə olursa olsun, mən məzuniyyətdə ola-ola işdən çıxarılmışam. Ona görə də baxmırlar. Ümid edirəm ki, bir gün Azərbaycanda hüquqi dövlət qurulacaq və mənim o məhkəmədəki işimə baxılacaq".
O, 2007-ci ildə məhkəmədə "işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair" iddia qaldırıb.
O zaman Səbail rayon Məhkəməsi iddianı icraata götürsə də, bir müddət sonra işi baxılmamış saxlayıb.
Başlarını itirmişdilər...2019-cu ilin fevralın 12-də o, Səbail rayon Məhkəməsinə gedərək sözügedən qurumlara və şəxsən prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya qarşı iddia ərizəsini təqdim edib.
"Başlarını itirmişdilər, gah deyirdilər, yox, bu iddianı heç cür icraata qəbul edə bilmərik, gah deyirdilər, bir az gözlə, görək, neynirik. Onlara dedim ki, mən vətəndaşam, hüquqlarım pozulub, zəhmət çəkin, iddiamı qəbul edin. Necə oldusa, icraata götürdülər".
Cənab Məmmədov vurğulayır ki, indi onun iddia ərizəsi "şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsinə", "insan hüquqlarını pozan dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanun pozan qanunsuz hərəkətlərinin dayandırılmasına və ona dəymiş maddi və mənəvi "ziyanın" ödənilməsi tələbinə dairdir.
İlham Əliyevlə Mehriban Əliyevanı məhkəməyə verməsinə səbəb
Keçmiş müstəntiq, Qarabağ müharibəsi veteranı Fəxrəddin Məmmədov deyir ki, İlham Əliyevlə Mehriban Əliyevanı məhkəməyə verməsinə səbəb müraciətlərinə cavab verməmələri və Məmmədovu vətəndaş olaraq qəbul edib dinləmədikləridir.