Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanov həbs olunub.
Məlumata görə, Anar Süleymanov əvvəllə tələbəsi olmuş həyat yoldaşını döyməkdə ittiham olunur. Bildirilir ki, hadisə 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə baş verib.
Anar Süleymanovla 2 ay evli olan xanım polisə izahatında deyib, bu müddət ərzində də onu qapalı yerdə saxlayıb, dəfələrlə döyüb.
"Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib atam evinə qaçdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, "kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq". Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi".
Məlumata görə, Anar Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə dünya çempionu fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.