Cavid Qurbanovun müavininin Avropada biznesi üzə çıxıb [araşdırma]

Cavid Qurbanovun müavininin Avropada biznesi üzə çıxıb [araşdırma]
19 Fevral 2019
Mətni dəyiş

"Azərbaycan Dəmir Yolu" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun Avropada biznesi olması barədə məlumat yayılıb.

Bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli araşdırma aparıb.

Jurnalistin yazısında deyilir ki, keçmiş nəqliyyat nazirinin müavini, sabiq baş dəmiryolçu Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı "ELUREL TRANS S.R.O." şirkəti (Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady) Arif Əsgərov vəzifədən gedənə qədər onun nəzarətində olub, lakin Nəqliyyat Nazirliyi ləğv olunandan sonra əlindən alınıb.

Bir dəmiryolçudan başqa dəmiryolçuya...

Şirkət əvvəlcə Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun və xanımının adına keçirilib. 2018-ci ilin aprelin 4-də isə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına rəsmiləşdirilib.

Şirkət faktiki olaraq bir dəmiryolçudan başqa dəmiryolçuya keçib. Fəxri konsul isə Hicran Valehovun şəriki olur.

Sənədlərə görə, cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı Javorová 5803/8, Pezinok 902 01-dir.

Çexiyada da geniş biznesi var

Araşdırmaya görə, Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var.

Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş "C E T S, s.r.o." şirkətinin sənədlərinə görə, 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə "A L L İ A N C E – G R O U P" şirkətidir.

200 min çex kronu nizamnamə kapitalı olan "C E T S, s.r.o." hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021).

Daha bir şirkət

2017-ci ildə çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) şirkəti Hicran Valehova satıblar və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb.

Nizamnaməyə görə, istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər. Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda "Alliance-group.eu, spol. s.r.o" şirkətinin həmtəsisçidir.

Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur.

Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637).

Alliance-group.eu, spol. s r.o daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur.

2016-cı ilin noyabrın 11-dən şirkətin Aynur Süleymanlıya aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun