Azad Həsənovun işi üzrə məhkəmə başlayıb

Azad Həsənovun işi üzrə məhkəmə başlayıb
12 Fevral 2019
Mətni dəyiş

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə hazırlıq iclası keçirilib.

Müsavatçı fəal külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur.

Müsavat Partiyasından bildirilib ki, iclas zamanı müdafiə tərəfi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.

Vəkil deyib ki, Azad Həsənovun istintaqdan yayınacağını ehtimal etmək üçün əsas yoxdur.

Lakin dövlət ittihamçısı vəsatətin əleyhinə olub və hakim onu təmin etməyib.

Mahiyyəti üzrə məhkəmə dinləmələri fevralın 25-nə təyin edilib.

Azad Həsənov 2013-cü ildə repressiyalardan ehtiyat edərək Litvaya mühacirət edib.

2018-ci il oktyabrın 10-da xəstə atasına baş çəkmək üçün Bakıya gəlib. Lakin növbəti gün mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Oktyabrın 12-də ona qarşı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Hüquq müdafiəçiləri Azad Həsənovu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun