Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda hərəkət etmək azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yayıb.
Bu sənəd 30 nəfər şəxslə aparılan müsahibə əsasında hazırlanıb. Hesabatı buradan endirə bilərsiniz.
Qadağaya məruz qalan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfər siyasi fəal, 4 nəfər hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfər yazar, bir nəfər isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir.
Sənəddə deyilir ki, son illər Azərbaycanda ifadə azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlıqlarına yaradılan məhdudiyyətlər mövcud qanunların daha da mürtəceləşməsi, siyasi təqiblərin kəskin şəkildə artması ilə müşayiət olunub.
Yerli hüquq müdafiəçilərinin məlumatına görə, hazırda ölkədə siyasi motivlərlə həbsdə olan 129 nəfər siyasi məhbus var.
"Onlardan 10 nəfər jurnalist və bloqçu, 18 nəfər siyasi və ictimai fəal, 68 nəfər dini icma fəalları, 14 nəfər sosial etirazlarla bağlı həbs edilən şəxslər və başqa sahələrdə çalışan vətəndaşlardır. Siyasi motivli həbslərlə yanaşı son 5 il ərzində ictimai-siyasi fəallar, jurnalistlər və hüquq müdafiəçilərinə qarşı siyasi təzyiq forması kimi xaricə səyahət qadağalarının kütləvi şəkildə tətbiq olunması müşahidə olunur," -deyə sənəddə qeyd edilir.
Təşkilat bildirir ki, sənədin məqsədi diskriminativ şəkildə tətbiq edilən səyahət qadağalarının yaratdığı hüquqi problemlər və nəticələri barədə ictimaiyyəti, dövlət orqanlarını və Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatları məlumatlandırmaq, mövcud pozuntuların ortadan qaldırılması üçün tövsiyələr təqdim etməkdir.
SMDT Azərbaycanda insan hüquqları və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.