AXCP funksionerlərinə və keçmiş icra başçısına 14 il 3 ay həbs cəzası verildi

AXCP funksionerlərinə və keçmiş icra başçısına 14 il 3 ay həbs cəzası verildi
27 Fevral 2019
Mətni dəyiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasına qanunsuz maliyyə yardımında təqsirləndirilərək həbs olunan beş nəfərin məhkəməsi başa çatıb.

Abzas.net xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İttiham olunanlardan ikisi - AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli və Vidadi Rüstəmli 6 il 8 ay şərti cəza ilə həbsdən buraxılıb.

Rusiyadan AXCP-yə qanunsuz pul göndərməkdə ittiham olunan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmliyə 7 il 3 ay həbs cəzası verilib.

Həmçinin, digər ittiham olunan partiya funksionerləri - AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli 4 il, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP sədri Əli Kərimli məhkəmə hökmünə münasibət bildirərkən deyib ki, əslində 9 ay bundan qabaq başlanmış sifarişli iş hökmun verilməsi ilə başa çatdı.

"Məlum oldu ki, bu adamlar işi çox qeyri-peşəkarcasına saxtalaşdırıblar. Vəkillər də ittihamları çox açıq şəkildə ifşa etdilər. Məhkəmə də sifarişi yerinə yetirdi".

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun