AMEA-nın magistraturasına qəbulun müsahibə mərhələsi ləğv olunub

AMEA-nın magistraturasına qəbulun müsahibə mərhələsi ləğv olunub
21 Fevral 2019
Mətni dəyiş

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi açıqlama yayıb. Məlumata görə, akademiya rəhbərliyi AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunması ilə bağlı DİM-ə müraciət edib.

"Müraciətdə ötən 4 il ərzində keçirilən müsahibələr və onların nəticələri, müsahibə komissiyasının qiymətləndirməsi ilə bakalavrların DİM tərəfindən keçirilən imtahanlarda topladıqları balların uyğunluğu və nəticədə AMEA-nın magistraturasına yüksək bal toplayanların qəbul olunduğu vurğulanıb".

AMEA hesab edir ki, artıq akademiyanın magistraturasının məqsəd və vəzifələri, onun yüksək reytinqi və tədris prosesinin ciddiliyi barədə universitet tələbələri və ictimaiyyət kifayət qədər məlumatlıdır və iddiaçıların təsadüfi seçimləri istisna olunur.

Bu təklif nəzərə alınaraq qurumun magistraturasına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər digər bakalavrlar kimi ümumi qaydada magistraturaya qəbul imtahanının hər iki mərhələsində iştirak edərək, müsabiqə şərtlərini ödədikləri halda ixtisaslaşma seçimi edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun