AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu prezident İlham Əliyevə növbəti dəfə açıq müraciət ünvanlayıb.
Müraciətdə ailəsinin qarşılaşdığı məsələlərdən, ölkədəki, Elmlər Akademiyasındakı mühitdən, insanların yaşayışından və bir çox məsələlərdən bəhs olunub. O, bundan əvvəl 2017-ci ildə ölkə başçısına başqa bir məktub da yazmışdı.
Yasəmən Qaraqoyunlu yenidən belə bir müraciət yazmaq məcburiyyətində qaldığını bildirir. O, müraciətində ölkə başçısına çağırış edib ki, onları vətəndaşlıqdan azad etsin.
"Azərbaycanda hamı bilir ki, mən 2017-ci ildə Azərbaycan prezidentinə, Sizə məktub yazıb ölkədəki ictimai-siyasi durumun gərginliyini, sosial-iqtisadi vəziyyətin ağırlığını, alimlərin acınacaqlı həyat tərzinin mənzərəsini işıqlandırmağa çalışmışdım. Bu məktubda elm yolu seçmiş ailəmizin 20 illik kirayə həyatını, macəralarını işıqlandırmağa çalışmışdım".
Elmi işçi deyir ki, aldığı məlumatlara görə, məktubundan dərhal sonra AMEA vitse-prezidenti İsa Həbibbəyli, çalışdığı Fəlsəfə İnstitunun direktoru İlham Məmmədzadə, direktor müavini Eynulla Mədətli, şöbə müdiri Sakit Hüseynov dəfələrlə müxtəlif strukturlarda onun haqqında izahat verib və hər dəfə də onu qorumağa çalışıblar.
"Vəziyyətim dəfələrlə akademiyanın rəhbərliyində müzakirə olunub""Onu da eşitmişəm ki, mənim vəziyyətim dəfələrlə AMEA Rəyasət Heyətinin əlaqədar iclaslarında müzakirə olunub. Dəqiq bilirəm, həm AMEA rəhbərliyi, həm öz İnstitumun rəhbərliyi və kollektivi mənim haqlı olduğumu bildikləri üçün hər zaman məni qorumağa çalışıblar, hər zaman mənə dəstəklərini əsirgəməyiblər. Hər zaman demişəm ki, AMEA mənim məbədimdir və fəlsəfə institunda çalışmaq, filosof kimi yetişməkdən böyük arzum, idealım yoxdur".
Akademiya əməkdaşının sözlərinə görə, fəlsəfə tədqiqatçısı olmaq, ölkənin gələcəyinə öz düşüncələri ilə bəhrə vermək arzusu ilə bərabər, içində çırpındığı sosial problemlərin yaratdığı maneələr və bunu dəyişmək əzmi ilə apardıqları mübarizələr ölkədə hər şeyi tək əldə və tək iradədə birləşdirən prezidentə gəlib çatdıqda şüşə kimi yerlərə çırpılır, bütün arzuları çilik-çilik olur.
"Filosof heç vaxt diktatorlara tabe olmaz, boyun əyməz""Dəqiq bilirəm ki, bir düşüncə adamı üçün, yazar və filosof üçün iki keyfiyyət önəmlidir. Dərin elmi bilik və azad düşüncə, azad şəxsiyyət. Mənim subyektiv mülahizələrimə görə, fəlsəfə özü elə Azadlıq deməkdir. Həm də filosof o kəsdir ki, O, nəinki yerdəki bütləri, fironları, hətta göydəki Allahı belə sorğulaya bilir.
Dəqiq bilirəm ki, filosof heç vaxt diktatorlara tabe olmaz, boyun əyməz. Despotik rejimlərin əsdirdiyi qorxulara gülər, keçər…"
Yasəmən Qaraqoyunlu müraciətində yazır ki, bəlkə o, araşdırmaları, yazıları ilə filosof, yaxşı fəlsəfə tədqiqatçısı ola bilməyib, lakin duruşu, mövqeyi, xarakteri, mübarizəsi ilə, ən əsası bu 25 ildə prezidentin yeritdiyi “analoqu olmayan” uğurlu siyasətə, siyasi kursa gülməyi ilə və əsla hökumətin dəyərlərinə bulaşmamağı ilə, ölkə başçısının siyasətilə barışmamağı ilə bir filosof, bir vətəndaşdır.
"Bu əzaba necə dözürsünüz""Bütün bunları əlbəttə ki, Fəlsəfə İnstitunuda bütün iş yoldaşlarım bilir, direktorum İlham Məmmədzadə bilir… Həmişə İlham Məmmədzadə, Əli Abbasov, Əbülhəsən Abbasov, Zümrüd Quluzadə, Səlahəddin Xəillə qarşılaşarkən onların gözlərinin düz içinə baxmaq istəyirəm. İstəyirəm ki, despotik rejimin qorxusunun əksini onların gözünün içində görəm və soruşam ki, bu əzaba necə dözürsünüz. Susmaq əzabını necə daşıyırsınız. Susmağı necə bacarırsınız. Susmağı mənə də öyrədin ustadlarım..."
Y.Qaraqoyunlu bildirir ki, fəlsəfi düşüncəni azad insan, şəxsiyyət ürətir. Ən böyük iş, azad insanları idarə etməkdir.
"Siz bax bunu bacarmadınız. Siz köləlik gətirdiniz, qorxu gətirdiniz. Siz Qul yetişdirdiniz... Yeri gəlmişkən onu da deyim ki, qullara başçılıq edən quldarlara həmişə acımışam. Bir personaj kimi, quldarların, diktatorların mənəviyyatı, düşüncə səviyyəsi, psixologiyası müşahidə obyekti kimi mənim üçün həmişə çox maraqlı olub. İnsanın iç dünyasında sadizmi doğuran sosial-psixoloji problemlər nələrdir, bax bunlar çox maraqlı mövzulardı".
"İnsan ləyaqətini alçaldan bu rejimin..."Akademiyanın işçisi prezidentə deyir ki, Azərbaycandakı despotik rejimin qarşısında həmişə azadlıq yanğısını içində gəzdirib, insan ləyaqətini alçaldan bu rejimin qarşısında həmişə səbri ilə, duruşu ilə onu sönməməyə, daim alovlandırmağa çalışıb.
"Məktubumdan sonra 3 ay bizim ailəmizə növbədənkənar ev verilməsi ilə bağlı AMEA-da rəhbərlik strukturlarına ərizə paylamaqla məşğul oldum. Daşdan səs çıxdı, AMEA rəhbərliyindən yox. Üstündən bir il keçdi və bu bir ildə dəfələrlə İlham Məmmədzadə mənim yanımda AMEA Rəyasət Heyətinə, Fətəli Abdullayevə zənglər vurdu, xahişlər etdi ki, bu ailəyə ev verməsəniz də, heç olmasa yataqxana verin…"
20 ildən sonra yataqxanada 1 otaq və bayramYasəmən xanım bildirir ki, müraciətdən və bir çox cəhdən, iş yoldaşlarının, akademiyanın, Fəlsəfə İnstitutunun tanınmış nümayəndələrinin prosesə qoşulmasından sonra AMEA-nın prezidenti Akif Əlizadənin əmri ilə onlara 20 ildən sonra Akademiyanın aspirantlar yataqxasasında bir itaq veriblər.
"İnstitumuzda dostlar bunu bayram kimi qeyd etdilər. Yadımdadır, təxminən 17 il əvvəl o zaman AMEA Fəlsəfə İnstitunun aspirantı olmuş həyat yoldaşım bu otağı almaq üçün nə qədər mübarizə aparmışdı, AMEA-nın o zamankı prezidenti Mahmud Kərimovun qəbuluna düşmüşdü və o zaman vitse-prezident olan Toğrul Şahtaxtlı bu otağın müqabilində düz 2500 manat pul rüşvət istəmişdi. Elm haqqında Qanuna görə o zamanlar aspirantın hər hansı bir yerdə işləməsi qəti qadağan idi və təbii ki, heç yerdə işləməyən aspirantda da 2500 manat pul yox idi".
İntihar etmək dərəcəsinə gəlibNarazı elmi işçi bildirir ki, həyat yoldaşı aspiranturanı bitirdikdən dərhal sonra elmi işi, dissertasiyası birinci müzakirədən keçdikdən sonra, ailəsini iki körpə uşaqla kirayədə qoyub hərbi xidmətə gedib.
Onun sözlərinə görə, məmurların övladları hərbi xidmətə getməmək üçün AMEA-da doktorluq müdafiə edib saxta diplomlar alan vaxt, akademiya işçisinin həyat yoldaşı hərbi xidməti uğurla başa vurub geri qayıdarkən işə bərpa etməyiblər, uzun müddət işsiz qalıb, kirayə pulları üst-üstə yığıldıqca intihar etmək dərəcəsinə gəlib.
"Bu sizin Azərbaycanınızdır, bu sizin ölkənizdir. Bu mənzərəni siz çəkmisiniz cənab prezident. Bu sosial “macəraları” sizin vətəndaşlarınız, alimləriniz sizin “analoqu olmayan” siyasətiniz nəticəsində yaşayır... Beləliklə biz, düz 17 il bax bu yataqxanada bu otağı almaq üçün gözlədik..."
"Özünü ələ al, övladlarına yazığın gəlsin"Yasəmən Qaraqoyunlunun sözlərinə görə, yataqxana komendantı müvəqqəti yaşayış üçün onlara verilmiş 84 nömrəli otağın qapısını açıb ona göstərəndə dəhşətə gəlib. Yanımdakı dostu "Özünü ələ al, övladlarına yazığın gəlsin" deyə pıçıldayıb. Onun sözlərinə görə, komendant da ona baxıb deyib ki, heç olmasa kirayədən canın qurtardı.
"Qonşuluqda 85 nömrəli otağın sakini, qonşu qadınla tanış olduq. “Yoldaşım elmlər doktorudur. Özüm kimya elmləri namizədi. Neçə illərdi burda yaşayırıq. Bizə ev vermədilər” dedi: “Bəs niyə dözürsünüz?” Soruşdum. “Onsuz da mənası yoxdur. Kimə şikayət edəsən?” dedi. Bax bu sözlər ümidsizliyin ifadəsi idi. Bütün vətəndaşlara bəxş etdiyiniz ümidsizliyin. Budur sizin “analoqu olmayan” uğurlu siyasətiniz?"
Bütün Azərbaycan bu yataqxanaya bənzəyirAkademiya nümayəndəsi deyir ki, o miskin yataqxanaya nifrət edir, bütün Azərbaycan yataqxanaya bənzəyir və heç vaxt o yataqxanaya köçməyəcəyini deyir.
"Bu rəzil həyatı qəbul etməyəcəm? min bir əziyyətlə böyütdüyüm övladlarımın bu yataqxananın bu rəzil otağında, belə təhqir olunmasına izn verməyəcəm. Mən heç vaxt övladlarımın belə rəzil şəraitlərdə, belə rəzil otaqlarda yaşamağına razı ola bilmərəm. Mən mübarizə aparacağam. Sonunadək..."
Yasamən Qaraqoyunlu ölkə başçısına deyir ki, o, daha İlham Əliyevin rəhbərlik etdiyi ölkədə yazar, alim, vətəndaş olmaq istəmir.
"Siz bizim bütün ümidlərimizi öldürmüsünüz, haqqımızı tapdalamısınız. Daha sizi ölkəmin başında görmək istəmirəm. Nə yazmaq istəmirəm, nə düşünmək… Bu ölkədən qaçmaq istəyirəm. Mənə verdiyiniz bu yataqxananın misgin otağının durumunu, şəkillərini sizə təqdim edirəm. Bu şəkillər, bu miskin durum sizin mənəviyyatınızı və Azərbaycan vətəndaşına olan münasibətinizi əks etdirir".
"Mən sizin vətəndaşınız olmaq istəmirəm"Elmi işçi deyir ki, bu dövlətin qurulması üçün bütün gəncliyini fəda etdib, meydanda Rus İmperiya ordularının qarşısına çıxanlardan biri olub, güllələr yanından uçub keçib.
"20 yanvarda da təsadüfən sağ qalmışam... Hər zaman da millətim və dövlətim üçün çalışacam. Lakin sizin hakimiyyət bu dövlət, bu ölkə üçün çalışanlara yox, hər zaman alıb-satanlara, xəyanət edənlərə sahib çıxıb. Mən sizin vətəndaşınız olmaq istəmirəm. Mən bu illərdə deyəsən Fəlsəfənin nə olduğunu dərk etmişəm… Mənim Fəlsəfəm Azadlıqdır, Köləlikdən qaçışdır".




