ADU-nun müəlliməsi Kamal Abdulladan prezidentə şikayət edib

ADU-nun müəlliməsi Kamal Abdulladan prezidentə şikayət edib
19 Fevral 2019
Mətni dəyiş

Azərbaycan Dillər Universitetinin işdən çıxarılmış müəlliməsi, dissertantı Pərvin Mürsəlova ölkə başçısı İlham Əliyevə müraciət edib.

Universitetin rektoru Kamal Abdulla haqda şikayət edən müəllimə onun Sovet dövrünün Stalin erasında – şəxsiyyətə pərəstiş prinsiplərindən çıxış edərək ölkənin  stratejik əhəmiyyətli universitetini yararsız təcrübə və vərdişlərə əsasən idarə etdiyini bildirib.

Pərvin Mürsəlova müraciətində yazıb ki, prezident kobudluğun sıfıra endirilməsi istiqamətində ciddi göstərişlər verdiyi halda, rektor Kamal Abdulla hələ də kobud ifadələrdən istifadə edərək akademik heyətə müraciət edir.

Sultan yox, Azərbaycan vətəndaşının xidmətçisi

"Ağsaqqal, qocaman professor-müəllim heyəti repressiya psixologiyası təsirindən qaynaqlanaraq sizin ərk etdiyinizi söyləyir, sizə acizanə şəkildə haqq qazandırırlar".

Pərvin Mürsəlova prezidentin göstərişini rəhbər tutaraq rektora bir daha xatırladıb ki, Kamal Abdulla ADU-nun sultanı yox, Azərbaycan vətəndaşının xidmətçisidir.

"Siz ali-savadlı, gənc kadrları universitetdən kənarlaşdırmaqla və rəhbər vəzifələri səlahiyyətsiz şəxslərə həvalə etməklə, eyni zamanda tələbələrin  təhsil səviyyəsini artırmaq məqsədindən uzaqlaşdırmaqla həm xalqa, həm dövlət və dövlətçiliyə ciddi şəkildə xəsarət yetirirsiniz və daha doğrusu, siz xalqa xəyanət edirsiniz”.

Qeyri-etik ifadələr işlədir

Müəllimə bildirir ki, K.Abdulla yaradıcı, innovativ, qurucu, mütəxəssisləri işdən kənarlaşdırır ki, savadsız heyət üzvlərinin ətaləti pozulmasın.

"Siz kimin yanındasınız, hörmətli rektor? Məlum olduğu kimi fevral ayının 11-də sizin əmrinizlə mənim əmək müqaviləmə xitam verilib və bir sözlə, universitetdən kənarlaşdırılmışam. Bu əmrdə fərqli müddəalar sadalanıb".

Pərvin Mürsəlova bildirib ki, onlardan biri tədris işləri üzrə prorektor Əfqan Abdullayev tərəfindən verilən rəydir, hansı ki, Təhsil Nazirliyinə ünvanlanan məktubu kollektiv üçün qəbul edilməz və təhqiramiz sayıb.

Müəllimə prezidentə yazıb ki, Kamal Abdulla davamlı olaraq universitetdə “həyasız”, “atbalaxanım”, “keybalaxanım”, “qanmaz”, “az”, “ədə” və sair qeyri-etik ifadələr işlədir.

Müəllimə ölkə rəhbərliyindən universitetdəki duruma müdaxilə etməyi xahiş edib.

Xatırlatma

Son günlər Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla ilə bəzi dekan və müəllimlər arasında narazılıq yaranıb.

Bir neçə gün əvvəl universitetinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən azad edilib. Ondan sonra müəllimə Pərvin Mürsəlova da işdən çıxarılıb.

Vüsalə Ağabəyli rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırıb.

Universitetin Mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli isə deyib ki, Vüsalə Ağabəylinin çox ciddi nöqsanlara görə vəzifəsindən azad olunub, amma müəllim kimi saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun