Bir sıra məşhur elm və mədəniyyət xadimlərindən ibarət təşəbbüs qrupu Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib.
Azərbaycanın əhəmiyyətcə ikinci şəhəri olan Gəncədə AXC-nin 100 illiyi qeyd olunan il Cümhuriyyət Muzeyi açılıb, tarixi binaların divarlarında bu binaların ölkə tarixində əhəmiyyətini xatırladan xatirə lövhələri quraşdırılıb. Amma ölkənin paytaxtı Bakıda AXC-nin 100 illik yubileyini “unudublar”, deyə təşəbbüskarlar qeyd edirlər.
Müraciəti Azərbaycanın əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli, yazıçı-publisist, Rəsulzadə ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadə, hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov imzalayıblar.
Müəlliflər hesab edirlər ki, Novxanıda Məmməd Əmin Rəsulzadənin doğulu-böyüdüyü evdə ekspozisiya yerləşdirilməli, AXC banisinin ev muzeyi təşkil edilməlidir.
Rəsulzadənin siyasə həyatının keçdiyi Bakıda “Azərbaycan” qəzetinin redaksiyasının, Müsavat Partiyasının qərargahının yerləşdiyi, Nizami küçəsi, 59 ünvanında Rəsulzadənin yaşadığı binalarda xatirə lövhələri quraşdırılmalıdır.
O, bir daha qayıtmayacağı bu mənzildən 1920-ci ildə ailəsi ilə vidalaşaraq çıxıb. Ailə üzvlərinin bəziləri güllələnib, digərləri Orta Asiyaya deportasiya olunub.
Təşəbbüs qrupu qeyd edir ki, Bakıda Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Abdulla Şaiqin ev muzeyləri var. Bülbülün, Səttar Bəhlulzadənin, Əzim Əzimzadənin və digər dahi azərbaycanlıların abidələri quraşdırılıb, amma Məmməd Əmin Rəsulzadənin abidəsi və ev muzeyi yoxdur.
Təşəbbüskarlar hakimiyyətə deyil, ictimaiyyətə dövlətçiliyə və tarixi-mədəni ənənələrə sadiqlik nümayiş etdirmək çağırışı ilə müraciət ediblər. “Biz sübut etməliyik ki, xalq, qədir bilən millət, şüurlu vətəndaş cəmiyyətiyik. Bu dəstəklə bağlı dəstəyinizi, məsləhətlərinizi və təkliflərinizi səbrsizliklə gözləyirik”, deyə təşəbbüskarlar qeyd edirlər.
Turan