6 Dekabr 2019
Mətni dəyiş
2020-ci il yanvarın 1-dən Özbəkistanda toyların keçirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunmağa başlayacaq. Özbək höküməti bundan sonra dəbdəbəli toyları qadağan etmək üçün minlərlə dollar miqdarında cərimələr etməyi düşünür. Toyların keçirildiyi şadlıq evləri də cərimələrə məruz qoyulacaq. Hakimiyyətin bu addımları ilə razılaşmayanlar belə yollarla toyların qaydaya salınacağına inanmır.
Özbək toylarına 400-600 nəfərə qədər qonaq çağırılır, toydan sonra keçirilən səhər plovuna isə 200-300 nəfərə qədər insan gəlir.
Hökümətin tətbiq edəcəyi yeni qaydalarda toyların keçirilməsi ilə bağlı bütün incəliklər nəzərə alınıb. Məsəlçün, bundan sonra toy kartejlərində cəmi üç maşın olmalıdır, indi isə toy kartejlərində onlarla maşın olur. Banketlərdə 250 nəfər, səhər plovlarında isə 300 nəfər iştirak edə bilər.
Özbəkistan parlamentinin deputatları toylarla bağlı qanuna dəyişikliklər edilməsini dəstəkləyir, onlar iddia edirlər ki, belə mhədudlaşdırmalar maliyyə vəziyyəti yaxşı olmayan ailələrin borc yükü altında əzilməyinə səbəb olub. Toyların nəhəng xərclərini ödəmək üçün özbək gənclər ölkə xaricində işləməyə gedir və illərlə orada qalıb pul yığır ki, bir günlük qonaqlığın xərcini çıxara bilsin.
Hökümətin bu təşəbbüsünü tənqid edən özbək fəallar isə belə addımların sərt və qeyri-effektiv olduğunu iddia edirlər, çünki özbək toy adətləri ölkə mədəniyyətinin bir parçasıdır. Ölkə mentalitetinə görə valideynlər bütün ömrü boyu işləyib övladlarının toylarının gözəl keçirilməsi üçün pul toplamalıdırlar.
Şəxsi həyatın bir parçası olan bu adətləri hələ keçmiş prezident İslam Kərimov dəyişdirməyə çalışmışdı. O 1998-ci ilin oktyabrında "israfçı toy məcslislərinə" qadağa qoyulması ilə bağlı fərman imzalamışdı. Kərimov belə məclisləri keçmişin qalığı adlandırırdı.
Ancaq Kərimovun fərmanı heç bir effekt verməyib. 2008-ci ildə Kərimov tərəfindən buna bənzər daha bir fərman verilib amma o da tətbiq edilə bilməyib.
Özbəkistanın yeni prezidenti Şövkət Mirziyayev Kərimovdan sonra, 2016-cı ildə hakimiyyətə gəlib. Onun qarşısına qoyduğu əsas məqsədlərdən biri də "toy problemini" həll etmək olub.
2018-ci ildə internetdə Mirziyayevin səs yazısı yayılmışdı, o səs yazısında prezident vəzifəli şəxsləri və regional məmurları dəbdəbəli toylar keçirməməyə və belə toylarda iştirak etməməyə çağırır, onlara qadağa qoyurdu.
2018-ci ildə özbək mətbuatında yayılmış yeni səs yazısında isə prezident məmurlara deyir ki, əgər dövlət nömrəli hansısa maşın dəbdəbli toy olan yerdə görünsə dərhal həmin məmur işdən çıxarılacaq və məsuliyyətə cəlb olunacaq.