Dekabrın 18-də Frazer İnstitutu bir sıra beynəlxalq beyin mərkəzləri ilə birlikdə İnsan Azadlığı İndeksini açıqlayıb.
Azadlıq Radiosunun verdiyi məlumata görə, 162 ölkənin salındığı bu reytinq şəxsi, vətəndaş və iqtisadi azadlıqlarla bağlı 76 indikator üzrə hazırlanıb.
Birinci yerdə Yeni Zelandiya, 2-ci İsveçrə, 3-cü Çinin yurisdiksiyasında olan Honq Konq şəhəridir. Honq Konq 2013-cü ildə dünyanın ən azad yurisdiksiyası elan olunmuşdu.
Kanada 4-cü, Avstraliya 5-ci yerdə qərarlaşıb. Çin isə 126-cı yerdədir.
"Çin Honq Konqu məngənəyə saldıqca azadlıqlara ziyan dəyəcək. Təəssüf ki, Honq Konqun reytinqdə geriləməsi gələcək proseslərin carçısıdır”, – hesabatın redaktoru Fred McMahon deyib.
Bu indeks 2017-ci ilin məlumatlarına əsaslanır, yəni hal-hazırda Çində və Honq Konqda baş verənlər nəzərə alınmayıb.
Azərbaycan 162 ölkə içində 121-ci yerdədir. Qonşulardan Gürcüstan 41, Ermənistan 54, Rusiya 114, İran isə 154-cü olub.
Ölkənin orta azadlıq balı 6,22-dir. Bu bal şəxsi və iqtisadi azadlıq balı üzrə müəyyənləşdirilir.
Gürcüstanda bu göstərici 7,74, Ermənistanda isə 7,42-dir.
Ümumiyyətlə, ölkələr "ən azad” – "ən az azad” olmaqla 4 qrupa bölünüb. Gürcüstan 1-ci, Ermənistan 2-ci, Azərbaycan isə 3-cü qrupda yer alıb.
Hesabatdan 2008-ci ildən bu yana Azərbaycanda azadlığın azaldığı görünür. 2008-ci ildə ölkə 6,44 balla 103-cü yerdə olub. 2013-cü ildə isə 6,11 balla 131-ci pilləyədək düşüb.
Azərbaycan hakimiyyəti isə ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, ölkədə təməl hüquq və azadlıqların qorunduğunu bildirir.
Araşdırma son 10 ildə dünyada azadlıqların gerilədiyini üzə çıxarıb. 2008-ci ildən bəri 142 yurisdiksiyanın 79-da azadlıqlar pisləşib, 61-də düzəlib.
Birləşmiş Ştatlar 15-ci, Almaniya 8-ci, Böyük Britaniya 14-cü, Yaponiya 25, Hindistan 94-cü yerdədir.
Dünyanın ən qeyri-azad ölkələri isə Venesuela (161) və Suriyadır (162).
Daha azad ölkələrdə adamların daha yaxşı yaşadığı qeyd olunur. Məsələn, ölkələrin azadlığa görə birinci qruplaşmasında, yəni ən azad ölkələrdə 2017-ci ildə adambaşına orta gəlir 40 min 171 dollar olub. Ən az azad ölkələrdə isə bu rəqəm 15 min 721 dollardır.
"Adamlar azad olanda rifahlarını artırmağa imkanları daha böyük olur, daha xoşbəxt, daha sağlam həyat sürürlər”, – MkMahon deyib.