Erməni kilsəsinin İstanbul yeparxiyasının yeni seçilmiş patriarxı, yepiskop Saak Maşalyan ABŞ Senatının dekabrın 12-də qəbul etdiyi Osmanlı İmperiyasında erməni soyqırımının tanınması haqqında qətnaməsinə etiraz edib.
Maşalyan 'Sabah' nəşrinə müsahibəsində deyib ki, "100 il əvvəl ermənilərin çəkdiyi iztirablar" Türkiyəyə iqtisadi və siyasi təzyiq alətinə çevrilib.
"Problem haqqında müxtəlif ölkələrin parlamentlərinin deyil, bu torpaqlarda yaşayan insanların danışmasını istəyirik. Ermənistanın Türkiyə ilə münasibətlərinin yaxşılaşmasını istəyirik. Amma bunun yerinə, okeanın o biri tərəfindəki üçüncü ölkələr bizim problemlərimiz haqqında danışır", deyə Maşalyan bildirib.
O, "erməni məsələsindən istifadə edərək, Türkiyəyə basqı göstərmək" cəhdlərini "əxlaq qaydalarına zidd" adlandırıb.
O, 1915-ci il hadisələrinə qiymət verəcək birgə tarixçilər komissiyası yaradılmasının tərəfdarı olduğunu bildirib.
"Erməni icması Türkiyənin həyatına inteqrasiya edib. Bizim ortaq taleyimiz var. Biz 100 il əvvəl baş verənləri unutmuşuq. Bu ölkədə yaşamağa qərar vermişik. Bu, bizi Diasporadan və Ermənistandan ayıran məqamdır. Biz 1915-ci il travmasını yaşamışıq və hansısa üsulla onu sağaltmışıq, bu ölkədə qalmışıq", deyə Maşalyan qeyd edib.
Yeni patriarxın bu bəyanatı İstanbul patriarxı vəzifəsinə Türkiyədən olmayan dini xadimi çəkməyə müvəffəq olmayan Ermənistanda və erməni diasporasında məyusluq doğurub.