Bələdiyyə seçkilərini izləmək istəyənlər şikayət edirlər

Bələdiyyə seçkilərini izləmək istəyənlər şikayət edirlər
7 Dekabr 2019
Mətni dəyiş

Bələdiyyə seçkilərində bəzi dairə seçki komissiyalarının (DSK) müşahidəçi olmaq istəyən bir sıra şəxslərə problemlər yaratdığı bildirilir.

Bu barədə bələdiyyə seçkilərində uzunmüddətli müşahidəçi qismində çıxış etmək istəyən şəxslər danışıblar.

"34 saylı Xətai ikinci seçki dairəsində məni "müxbir", "təxribatçı" deyib kənarlaşdırdılar", - müşahidəçi olmaq istəyən Nihad Hüseyn deyib.

"Otağa girəndə gördüm ki,…"

N.Hüseynin sözlərinə görə, Mərkəzi Seçki Komissiyasında (MSK) respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçərək, 34 saylı Xətai ikinci seçki dairəsinə yollanıb:

"Gəldim, istədim qeydiyyata alsınlar. Otağa girəndə gördüm ki, komissiyanın üzvləri nərd oynayır. Bildirdim ki, müşahidəçi olmaq istəyirəm. Məni sədrin otağına apardılar. Otaqda olan şəxs mənə kobud tərzdə "seçki günü gəlib müşahidəçi olarsan. Səni bura kim göndərdi? Sən müxbirsən, təxribatçısan, çıx get burdan» deyərək binadan uzaqlaşdırdı".

"Turan" agentliyinin xəbərinə görə, 34 saylı Xətai ikinci seçki dairəsi komissiyasının sədri Rafael Mehdiyev isə onun sözlərini təkzib edib:

"Belə hal olmayıb"

"Belə hal olmayıb. Bizdə yüzə yaxın müşahidəçi qeydiyyatdan keçdi. Necə olur ki, bütün bu müşahidəçilər qeydiyyata alınır, həmin adama isə belə münasibət göstərilir? Mən onu tanımıram heç".

115 saylı Şəki kənd ikinci seçki dairəsindən də şikayətlənən var. Şikayətə görə, DSK-ya dairə üzrə müşahidəçi olmaq üçün ərizə ilə rəsmi qaydada müraciət olunsa da, bundan imtina edilib. İddiaya görə, həmin şəxsi konkret məntəqə üzrə müşahidəçi kimi qeydiyyata alıblar.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən şikayətdə isə vurğulanıb ki, müşahidəçini bu rayonlarda yaşamadığına görə qeydiyyatdan keçirməkdən imtina ediblər.

101 və 115 saylı dairə seçki komissiyalarından isə «Turan» agentliyinə bildirilib ki, sənədləri qaydasında olan bütün vətəndaşlar maneəsiz qeydiyyatdan keçə bilərlər.

MSK-dan deyilənlər…

Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli isə "Turan" agentliyinə bildirib ki, dairə seçki komissiyalarına müraciət edib dairə üzrə bütün məntəqələrdə müşahidəçilik mümkündür:

"Bu və digər məsələlərlə bağlı problem olan halda vətəndaşlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər".

MSK-nın keçmiş üzvü Akif Qurbanov bildirir ki, seçki müşahidəçiliyi iki hissəyə bölünür - respublika ərazisi və seçki dairəsi üzrə:

"Respublika üzrə müşahidəçilik aparmaq üçün seçkilərə 10 gün qalmışa qədər Mərkəzi Seçki Komissiyasına müraciət etmək lazımdır. Seçkilərə 5 gün qalmışa qədər isə dairə seçki komissiyasına müraciət edilir. Orada müraciət iki formada olur.

Var DSK üzrə müşahidəçilik, bir də var konkret məntəqə üzrə. Müşahidəçi ərizə formasında bu formalardan birini özü seçir. Ərizəni müraciət edən şəxs doldurur. Əgər müşahidəçi konkret hansısa məntəqəyə bağlanmaq istəmirsə, təbii ki, etiraz etməlidir və Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət etməlidir".

Ekspert qeyd edib ki, bununla bağlı iki gün ərzində MSK-ya rəsmi şikayət vermək lazımdır.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda sayca 5-ci bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə gerçəkləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun