Məhkəmə psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadəni Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücatəni şübhə altına qoyduğu Facebook statusuna görə 400 saat islah işlərinə məhkum edib.
2018-ci ilin dekabrında yazılan status cəmiyyətdə böyük narazılıq doğurub. Qıza qarşı təqiblər başlayıb və onun cəzalandırılmasını tələb ediblər. Deputat Musa Quliyev onun cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib.
Məhkəməyə bir neçə şikayət daxil olub, amma yekun olaraq yalnız Mübariz İbrahimovun anasının şikayəti qəbul edilib.
Nərmin Şahmarzadə apellyasiya şikayəti versə də, təmin olunmayıb.
Mübariz İbrahimov kimdir?
1991-ci ildən 1994-cü ilə qədər Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda müharibə gedib. 1994-cü ildə müharibə dayandırılıb, Qarabağ Ermənistanın nəzarəti altına keçib, münaqişə isə dondurulmuş hesab edilir. Bununla belə cəbhə xəttində vaxtaşırı atışmalar baş verir. İnsanlar həlak olur.
Mübariz İbrahimov Azərbaycan ordusunun müqaviləli hərçisi idi. 2010-cu ilin iyununda cəbhə xəttinin Tərtər rayonu ərazisində həlak olub. Onun ölüm şəraiti hələ də tam aydın deyil.
Azərbaycan tərəfinin versiyasına görə, Mübariz İbrahimov Ermənistan tərəfinin hücumunu dəf etdiyi zaman döyüş vəziyyətində həlak olub.
Ermənistan tərəfinin versiyasına görə isə o, cəbhə xəttini keçərək, diversiya həyata keçirib, nəticədə bir neçə erməni əsgəri qətlə yetirib.
Mübariz İbrahimov ölümündən sonra Azərbayacn Respublikasının Milli Qəhrəmanı adı ilə təltif olunub.
Nərmin Şahmarzadə – təqib və şöhrət
Nərmin Şahmarzadə Bakı Dövlət Universitetinin Psixologiya Fakültəsində təhsil alır. Onun video-bloqu var, amma qalmaqaldan əvvəl çox az adam onu izləyirdi.
2018-ci il dekabrın 5-də Facebook səhifəsində paylaşdığı statusların birində Nərmin bunları yazıb
“…Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı”.
Bu status Azərbaycan cəmiyyətinin vətənpərvər ruhlu qismini çox qəzəbləndirib. Qız təhqir və təhdid axınına tuş gəlib. Baxmayaraq ki, onu müdafiə edənlər də tapılıb.
Bir müddət sonra Nərmin sosial şəbəkələr vasitəsilə Mübariz İbrahimovun valideynlərindən əgər statusu ilə onları üzübsə, onu bağışlamalarını xahiş edib.
Zamanla bu hadisə ətrafında səs-küy sakitləşib, amma Nərmin müəyyən mənada tanınıb və hətta populyarlaşıb. O zamandan bəri o, daha bir neçə qalmaqallı status paylaşıb, amma daha hərbi mövzuya toxunmayıb. Şahmarzadə həmçinin gender məsələləri sahəsində də fəaldır.
[caption id="attachment_83063" align="alignleft" width="1280"]
Nərmin Şahmarzadə[/caption]
“Küçələri süpürmək ayıb deyil”
Nərmin Şahmarzadəyə qarşı əvvəlcə böhtan atma ilə bağlı ittiham irəli sürülüb. Amma yekunda bu maddə ilə ona bəraət verilib və təhqir ittihamı ilə o, 400 saat islah işlərinə məhkum olunub.
Qadınlardan söhbət getdiyi zaman Azərbaycanda islah işləri dedikdə, bir qayda olaraq küçələrin süpürülməsi nəzərdə tutulur.
Nərmin Şahmarzadənin özü hesab edir ki, məhkəmə hökmü ədalətli deyil. O, xatırladır ki, iki əvvəlki hakim işi dayandırıb və güman edir ki, bu hökm üçüncü hakimə ictimai təzyiqin nəticəsi olub.
Şahmarzadə haqqında çıxarılmış hökmü Avropa İnsan Haqları Məhkəməsinə qədər bütün instansiyalarda mübahisələndirmək niyyətindədir, “çünki bu söz azadlığının məhdudlaşdırılmasıdır”.
“Əgər hökm qüvvədə qalarsa və əgər islah işlərinin növünü seçmək təklif olunarsa, küçələri süpürməyi seçəcəm. Çünki küçə süpürmək ayıb deyil. Bunu ayıb bir şey saymaq, əməyi və süpürgəçilərin şəxsiyyətini alçaltmaq deməkdir”, – Nərmin Facebook səhifəsində yazıb.