19 Dekabr 2019
Mətni dəyiş
Ağstafa rayon icra hakimiyyəti başçısının daha bir müavini tutulub.
Bu başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadır.
O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.
Ehtimal edilir ki, Nizaməddin Quliyevin həbsi həm də onun Goranboyda icra başçısı işləyərkən törətdiyi korrupsiya əməlləri ilə bağlıdır.
Belə ki, Maliyyə Nazirliyi bu yaxınlarda Nizaməddin Quliyevin Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Goranboyda ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb.
Bunu Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən də təsdiq ediblər.
"Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”, - deyə İctimaiyyətlə əlaqələr şöbəsi modern.az-a bildirib.
Goranboy RİH-dən yoxlamaların nəticəsi ilə bağlı məlumat verilməsə də, əldə olunan məlumata görə, Maliyyə Nazirliyi Nizaməddin Quliyevin fəailiyyəti ilə bağlı Goranboyda bir çox faktlar aşkarlayıb.
***
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunub.
Məlumata görə, o, iş başında saxlanılıb. Hələlik həbslə bağlı heç bir məlumat verilmir.
Bu ilin noyabrında Maliyyə Nazirliyi Goranboy rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlayıb.
Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb.
"Lakin yoxlama zamanı korrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”, - deyə İctimaiyyətlə əlaqələr şöbəsi bildirmişdi.
Onu da bildirək ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.