Həbs edilmiş jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova ərinin işi üzrə istintaqın qeyri-obyektiv olduğunu bildirib.
Jurnalistin xanımı sosial şəbəkədə yazıb ki, istintaqa işlə əlaqəsi olmayan şəxslər, o cümlədən jurnalistin keçmiş qonşuları çağırılır.
“Onlara deyirlər ki, guya adlarını istintaqa biz – Polad və mən vermişik. Amma belə bir şey olmayıb. Həmçinin, istintaqa çağırılan şəxslərdən təzyiq altında Polad Aslanova qarşı ifadə verməyi tələb edirlər”, - deyə Aslanova qeyd edir.
Xanım Aslanova istintaqa çağırılanlardan xahiş edib ki, dindirilməyə ora gedəndə vəkilləri və ya nümayəndələri ilə birlikdə gedib, həqiqəti söyləsinlər.
"İstintaq başa çatdıqdan sonra Polada qarşı yalan ifadə verən jurnalistlərin və digər şəxslərin adlarını açıqlayacağam".
O, həmçinin Qazaxda “Tövbə” məscidinin axundunun evində guya Aslanovun istintaqda onun adını çəkməsi bəhanəsi ilə axtarış aparıldığını bildirib.
"Axundu Poladın fəaliyyəti haqqında sorğu-sual ediblər. Amma onlar cəmi iki dəfə görüşüblər və bir dəfə telefonla axund rayon hakimiyyətinin ona təzyiq göstərməsi və vaxtilə hakimiyyətin göstərişi ilə psixiatriya xəstəxanasına yatırıldığı faktını yaymağı xahiş edib".
Xatırlatma
Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb və növbəti gün məhkəmə onu CM-in 274-cü (dövlətə xəyanət) ittihamı ilə 4 ay müddətinə həbs edib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır.
Oktyabrın 5-də jurnalistin həbs müddəti 4 ay uzadılıb. Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət ittihamını pisləyir, onun həbsinin əsl səbəbinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu hesab edirlər.