Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Şəmistan Həziyevin şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə jurnalist bildirib ki, məhkəmə qərarında onun küçədə telefonla danışarkən söyüş söydüyü, polislərə tabe olmadığı yazılsa da, bunların hamısı yalandır.
O bildirib ki, əslində, sosial şəbəkələrdəki fəallığına, jurnalist fəaliyyətinə görə həbs edilib.
Şəmistan Həziyev məhkəmədə bildirib ki, onu evlərinin yaxınlığında üç nəfər mülki geyimli saxlayıb.
"Öncə Yasamal rayonu, 29-cu polis bölməsinə, 7 saatdan sonra da Yasamal Rayon Məhkəməsinə aparıldım. Orada da haqqımda İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 günlük inzibati həbs qərarı çıxarıldı".
Jurnalist bildirib ki, bölmədə rəis ondan harda işləməyini, jurnalist fəaliyyətini, mitinqə gedib-getməməyini soruşub: "Söyüş söymüşdümsə, o haqda soruşardı".
Şəmistan Həziyev təcridxanada saxlanma şəraitindən də şikayətlənib. Bildirib ki, iki gün onu nazik geyimdə soyuqda saxlayıblar:
“Qəsdən pəncərəni də açmışdılar. Sonra məni əsasən narkotik istifadəçilərin, yoluxucu xəstəliyi olanların saxlandığı kameraya saldılar. Kameraya salanda da mənə güc tətbiq elədilər. Oradakı adamlar səhərə qədər qapını döyür, dərman istəyir, özünü divara çırpır".
Şəmistan Həzi bildirib ki, bu gün (noyabrın 5-də) vəkilinə psixoloji işgəncələr barədə məlumat verəndə telefonunu kəsiblər.
"Dedilər ki, bu gündən sənin danışıqlarına da “stop” qoyuldu, sənin başına dünyanı dar edəcəyik".
Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov şikayəti təmin etməyib. Oktyabrın 31-dən həbsdə olan Şəmistan Həziyev haqqında Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Şəmistan Həziyev AXCP Gənclər Komitəsinin üzvüdür. AXCP-dən bildirilib ki, Milli Şuranın 19 oktyabr mitinqindən öncə və ondan sonra partiyanın 35-ə qədər fəalı həbs olunub. Onların bir qisminin cəzası başa çatıb.