Tofiq Yaqublu: ‘Əllərimi qandallayıb, məni bir saat döydülər’

Tofiq Yaqublu: ‘Əllərimi qandallayıb, məni bir saat döydülər’
3 Noyabr 2019
Mətni dəyiş

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu deyir ki, polislər əllərini qandallayıb, təxminən bir saat ona işgəncə veriblər. Bu barədə o, noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

Azadlıq Radiosunun məlumatına görə, Tofiq Yaqublu qeyd edib ki, oktyabrın 19-da onu heç mitinq təyin olunan əraziyə çatmamış - Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində tutublar:

"Bunu sübut edən video var, bütün el-aləm görüb. Amma 2 nəfər polis gəlib məhkəmədə yalan danışdı ki, guya Cəfər Cabbarlı heykəlinin yanında saxlayıblar".

T.Yaqublunun sözlərinə görə, onu tutub Nəsimi Rayon Polis İdarəsinə aparıblar, öncə bir otaqda saxlayıblar:

"Sonra gəlib əllərimi qandalladılar, bir mərtəbə aşağı düşürtdülər. Bir otağa salıb təxminən bir saat döydülər. Mən bu amansız işgəncələr barədə Nəsmi Rayon Məhkəməsində də danışdım. Amma hakim Babək Pənahov bu barədə protokollarda da, qeydlərdə də heç nə göstərməyib".

"… Mütləq cəzalanmalıdır".

Heç bir qanun pozuntusuna yol vermədiyini vurğulayan T.Yaqublu işgəncələrlə əlaqədar prokurorluğa şikayət etdiyini, amma ədalətli qərar gözləmədiyini söyləyib:

"Dövlət insanların hüquqlarını qorumaq üçündür. Mənə münasibətdə cinayət törədiblər. O orqanda ki mənim hüquqlarım qorunmalıdır, mənə amansız işgəncə verilib. Bu cinayəti törədənlər mütləq cəzalanmalıdır".

T.Yaqublunun vəkili Nemət Kərimli isə çıxışında insanların sərbəst toplaşma azadlığına diqqət çəkib. Bildirib ki, bu azadlıq Azərbaycanın Konstitusiyasında da əksini tapıb:

"Avropa İnsan Hüquqları Məhkəməsi də qərarlarında yazır ki, bu azadlığın məhdudlaşdırılması üçün çox ciddi əsaslar olmalıdır. Ümumi sözlərlə onu məhdudlaşdırmaq olmaz. Üstəlik, Tofiq Yaqublunu mitinq yerinə çatmamış saxlayıblar".

Vəkil T.Yaqublunun üzərində xəsarətlərin qaldığını qeyd edərək bununla əlaqədar onun ekspertizadan keçirilməsi barədə də vəsatət qaldırıb.

Hakim Əflatun Qasımov nə vəsatəti, nə də apellyasiya şikayətini təmin edib.

Tofiq Yaqublunun qızı Nigar Həzi Azadlıq Radiosuna bildirib ki, atasının həbsilə əlaqədar Avropa İnsann hüquqları Məhkəməsinə şikayət göndəriləcək:

"İşgəncə şikayəti də ölkə daxilində ədalətli araşdırılmasa, günahkarlar cəzalandırılmasa, o məsələ ilə əlaqədar da Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik".

Daxili İşlər Nazirliyindən isə oktyabrın 19-da keçirilən aksiyada tutulanların döyülməsi və onlara işgəncələr verilməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bəyan ediblər.

Xatırlatma

Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirməyə cəhd edib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Polis müdaxiləsi zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli də daxil olmaqla, çox sayda xəsarət alanların olduğu bildirilib.

Əli Kərimli də saxlandıqdan sonra ona işgəncə verildiyini açıqlamışdı.Amma prokurorlluq bunu təkzib edərək AXCP sədrinin özünü provakasiyaya cəhddə günahlandırmışdı.Qurumdan iddia edilib ki, Əli Kərimli özü saxlandıqdan sonra başı nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub.

Aksiyda Milli Şura 100-dən çox şəxsin saxlandığını, onlardan 30-a qədər şəxsə də inzibati həbs cəzası verildiyini açıqlamışdı.

Aksiya başa çatandan sonra Bakı Baş Polis İdarəsinin yaydığı məlumata görə,isə həmin vaxt 60 nəfər saxlanılıb, onlardan 42 nəfərinə xəbərdarlıq edilərək buraxılıb, 18 nəfərin işi də hüquq-mühafizə orqanlarına göndərilib.

Təşkilatçıların bildirməsinə görə, aksiyanın tələbləri sırasına siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi məsələlər daxil idi.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Bəzi hakimiyyət rəsmiləri habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun