20 Noyabr 2019
Mətni dəyiş
Bakının "Sovetski" adlanan ərazisində yaşamış yüzə yaxın sakin evlərinin sökülməsində haqsızlığa yol verildiyini iddia edirlər.
Nazirlər Kabinetinin qarşısına toplaşan sakinlər onlara ödənilən təzminatın azlığından şikayətçidirlər.
Şikayətçilərin sözlərinə görə, bir neçə fərqli dövlət qurumuna müraciət etsələr də, onların problemləri uzun müddətdir ki, həllini tapmır.
Evi sökülən Bəhruz Hacıyev iddia edir ki, onun evinin otaqlarının qiyməti fərqli məbləğlərlə hesablanıb. Məsələn, eyvan və mətbəx hər kvadrat metr üçün 800, digər hissələr 1500 manatdan hesablanıb. O, bunu qanunsuz sayır və belə hesablamadan 42 min manat itirdiyini deyir.
Etiraz edənlərdən bəziləri isə hesab edir ki, şəhərin mərkəzində yerləşmiş və sonradan sökülən evlərinə ədalətli kompensasiya verilməyib.
Şikayətçilərin nümayəndələrini Nazirlər Kabinetinin baş məsləhətçisi Səyyar Qasımov qəbul edib.