20 Noyabr 2019
Mətni dəyiş
Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb. Onun həyat yoldaşının Turan-a verdiyi məlumata görə, həkimlər ona heç bir izahat verməyib.
"Həkimlər heç bir proqnoz vermir, nə müsbət, nə də mənfi. Oqtay hələ də komadadır", deyə o bildirib.
Xatırladaq ki, Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları maşının açıq-aşkar hüquq müdafiəçisinin üstünə sürülməsini qərəzli hesab ediblər. Bakıda özəl xəstəxanada onu gecikmə ilə əməliyyat ediblər, bu da onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırıb.
Üç gün sonra Heydər Əliyev Fondu Gülalıyevin müalicəsini öz üzərinə götürüb, onu İstanbulun "Avrasiya" klinikasına göndərib. Amma bu klinikada müalicə səmərəsiz olub və həyat yoldaşının xahişi ilə noyabrın 19-da Gülalıyev "Amerika Xəstəxanası"na köçürülüb.