Oqtay Gülalıyev müalicə üçün Türkiyəyə aparılır: Heydər Əliyev Fondu müalicəni üstünə götürdü

Oqtay Gülalıyev müalicə üçün Türkiyəyə aparılır: Heydər Əliyev Fondu müalicəni üstünə götürdü
5 Noyabr 2019
Mətni dəyiş

Oktyabrın 30-dan reanimasiyada olan hüquq müdafiəçisi Oqtay Güləliyev Türkiyəyə aparılır. Onu türkiyəli həkimlər müayinə edəndən sonra xaricə aparılmasının vacib olduğunu bildiriblər. 

Bu barədə Abzas-a onun oğlu Təbriz Güləliyev deyib. O bildirib ki, türk həkimlər atasının vəziyyətinin çox ağır olduğunu bildiriblər.

"Türkiyədən gələn həkimlərin bildirdiyinə görə, atanın vəziyyəti ağırdır. Və həkimlər əlavə ediblər ki, Türkiyəyə aparılmasında heç bir təhlükə yoxdur..."

Oğlunun sözlərinə görə, ailəsi olaraq onlar Oktay Gülalıyevin Türkiyəyə aparılmasına razılıq veriblər və hazırda aparılması üçün hazırlıq işləri görülür.

O.Gülaliyevin müayinəsi üçün türkiyəli həkimlərin Bakıya gəlməsini Heydər Əliyev Fondu təşkil edib.

Məlumata görə, birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bu barədə Turan agentliyinə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

“Mənə Fonddan zəng etdilər, Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, deyə həyat yoldaşı qeyd edib.

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər.

Xatırlatma

Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Güləliyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda burada müalicə olunur, 2-ci dərəcəli koma vəziyyətindədir, ətrafında baş verənlərdən xəbərsizdir.

Oqtay Güləliyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun