Müxalifətin 19 oktyabr mitinqindən sonra bu aksiyanı işıqlandıran onlarla jurnalist polisin təzyiqlərinə məruz qalıb. Bu, jurnalistlərin mobil telefonlarına gələn zənglərdə özünü göstərib. Onlardan polisə gəlmək və Demokratik Qüvvələrin Milli Şurasının aksiyasında iştirakın səbəblərini açıqlamaq tələb olunub.
“Ötən şənbə mənə Qaradağ rayon 10-cu polis bölməsindən telefon edərək 19 oktyabr mitinqində iştirakmın səbəblərini açıqlamaq üçün bölməyə gəlməyimi tələb etdilər”, - jurnalist İslam Şıxəli sosial şəbəkədə yazıb.
“Mən telefon edən şəxsə dedim ki, harada və niyə olduğumun heç kimə aidiyyatı yoxdur, açıqlama verməyəcəm, xahiş edirəm məni narahat etməyin”, - o bildirib.
Lakin noyabrın 10-da Nəsimi Rayon Polis İdarəsinin cinayə-axtarış şöbəsinin əməkdaşı jurnalistə telefon edərək polisə gəlməsini tələb edib. Çağırılmasının səbəbləri barədə cavab almayan jurnalist ona rəsmi sənədin göndərilməsini tələb edib.
19 oktyabr mitinqini işıqlandıran fotojurnalist Fərqanə Novruzova da eyni vəziyyəti təsvir edib.
Ondan çox jurnalist polis tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Onların bəzisi polisə gedib. Onlardan mitinqdə iştirakın səbəbləri barədə açıqlama tələb ediblər və müxalifətin aksiyasını işıqlandırmamağı tövsiyə ediblər.
Jurnalistlər polisin hərəkətini KİV və polis haqqında qanunların kobud pozulması kimi qiymətləndirirlər.
Hüquq-mühafizə orqanlarının jurnalistlərin peşə vəzifəsini yerinə yetirməsinə mane olmaq, məhdudlaşdırmaq, tənzimləmək və ya qadağan etmək cəhdləri yerli qanunvericiliyin, həmçinin Azərbaycanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Bu barədə hüquqşünaslar və media-ekspertlər dəfələrlə bildiriblər.
Lakin ən narahatlıq doğuran amil odur ki, polis jurnalistlərin telefon nömrələrini izləyir, mitinq ərazisində bütün mobil zəngləri qeydə alır. Bununla da vətəndaşların qanunsuz izlənməsi baş verir.
Təsadüfü deyil ki, bütün jurnalistləri məhz mobil telefonlarla izləyiblər və zəng ediblər. Bu azmış kimi, polis mitinq zamanı jurnalistlərin telefonla danışdıqları şəxslərə də zəng edib.