Keçən həftədən Gürcüstanda parlament önündə başlamış etiraz aksiyaları dünən gecə də davam edib. Müxalifətin dəyişiklik tələb etdiyi qanun layihəsinin parlamentdə qəbul olunmamasına etiraz olaraq başlanılan mitinqlərə müxalifət fəalları, vətəndaş cəmiyyətinin üzvləri iştirak edib.
Gürcüstanın İctimai Televiziyası xəbər verir ki, ölkə Parlamentinin hər üç giriş qapısı hələ də bloklanıb. İqtidar partiyası olan "Gürcü arzusu"nun deputatları səhər tezdən işə gələndə etirazçılar onlara "Kölə! Kölə!" şüarları ilə səslənərək Parlamentin binasına girməyə izn verməyiblər.
Həmçinin mitinq keçirilən ərazidə etirazçılarla birlikdə müxalifət liderləri də iştirak edir, onlar Parlamentə gələn deputatlarla söhbətlərdə onları konstitusiya düzəlişinə imkan verməməkdə ittiham edirlər.
Xatırladaq ki, noyabrın 14-də Gürcüstan Parlamentində müxalifətin qarışıq seçki sistemindən proporsional seçki sisteminə keçidlə bağlı hazırladığı konstitusiya düzəlişi qəbul olunmayınca noyabrın 17-dən başlayaraq ölkə parlamenti önündə müxalifət tərəfindən etiraz aksiyaları başladılıb.
Müxalifət növbədənkanar proporsional sistemli parlament seçkiləri, indiki hökümətin istefasını, 20 iyun etirazlarında həbs olunmuş siyasi məhbusların həbsdən azad edilməsini və Mərkəzi Seçki Komissiyasının tərkibinin yenilənməsini tələb edir.
Müxalifətin danışıqlarla bağlı təklifini cavabsız qoyan hakim "Gürcü arzusu" partiyası isə müxalifətin tələblərinin hamısının mümkünsüz olduğunu bəyan edib.
[caption id="attachment_83801" align="aligncenter" width="437"]
Tbilisi meri və "Gürcü arzusu" partiyasının baş katibi Kaxa Kaladze.[/caption]
Kaxa Kaladze: "Seçkilər əvvəlki qaydada keçiriləcək, müxalifət seçkilərə hazırlaşsın"
Hakim partiyasının baş katibi olan Tbilisi meri
Kaxa Kaladze deyib ki, hökümət növbədənkənar seçkilər üçün heç bir səbəb görmür.
O həmçinin, Parlament seçkiləri 2020-ci ildə qarışıq seçki sistemi ilə keçiriləcəyini, bu sistemlə deputatların yarısının partiya siyahısı ilə, yarısının isə seçki dairələrinə görə seçiləcəyini bildirib.
Kaladze müxalifətə "seçkiyə hazırlaşmağı" məsələh görüb.
Tbilisi meri müxalifətin parlamentin girişlərini bloklamaq hərəkətlərini destruktiv hərəkətlər adlandırıb.
"Əgər bu cür addımlar davam etsə hakimiyyət lazımi tədbirlər görəcək", - deyə Kaladze bildirib.