Gürcüstanda bütün müxalifət partiyaları hakimiyyətə etiraz olaraq mitinqlərə başladıqlarını elan ediblər.
Ölkə parlamenti müxalifətin Konstitusiyaya dəyişikliyini dəstəkləmədikdən sonra kütləvi etiraz aksiyaları başlanıb.
Müxalifətin Konstitusiyaya dəyişiklik təklifləri qarışıq seçki sistemindən proporsional seçki sisteminə keçidlə bağlı idi.
Noyabrın 14-də parlamentdəki səsvermədə hakim partiya "Gürcü arzusu" yekdilliklə layihənin əleyhinə səs verdiyi üçün qanun qəbul olunmayıb.
Bütün müxalifət partiyaları birləşib
Konstitusiyaya dəyişikliyi 101 deputat dəstəkləyib, amma dəyişiklik üçün ən azı 113 səs lazım idi.
Müxalifətin etiraz mitinqi isə dünən axşam parlamentin qarşısında başlayıb və tezliklə paytaxt Tbilisinin mərkəzinə yayılıb. Mitinqdə çıxış edənlər şəhər əhalisini etirazlara qoşulmağa çağırıb.
Bu siyasi böhran 2012-ci ildən indiyə kimi ən ciddi böhran hesab olunur. Minlərlə insan parlament binasının önünə toplanıb. Rustaveli prospektində çadırlar qurulub.
Həmçinin, bu, 2012-ci ildən bəri misli görünməmiş haldır ki, bütün müxalifət partiyaları küçədə mövcud hakimiyyətə qarşı birləşiblər.
"İvanişvilinin qoyduğu tamaşa"
Müxalifət liderləri bildiriblər ki, mitinqlərin əsas tələbləri növbədənkənar parlament seçkisi keçirməkdir.
Noyabr 15-i axşam saatlarında hətta bir yerdə oturmaqları heç kimi təsəvvürünə gəlməyən partiyalar - Qərb yönümlü və Rusiya yönümlü qüvvələr birgə müzakirə keçirib etirazlarda iştirak edəcəklərini bildiriblər. Həmçinin həmin qüvvələr birgə fəaliyyət planı hazırladıqlarını açıqlayıblar.
Bundan öncə hakim "Gürcü Arzusu"nun lideri Bidzina İvanişvili demişdi ki, ölkə 2020-ci il parlament seçkilərini proporsional sistemlə həyata keçirəcək.
İvanişvilinin sözlərindən sonra deputatlar yeni qanun layihəsi üzərində işləməyə başlayıblar.
"Heç kim gürcü xalqını bu cür aldatmamışdı"
Lakin bu məsələ parlamentdə səsverməyə çıxarılanda “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş dəyişikliklərə bu partiyanın bir çox deputatları səs vermədi.
Heç kim inanmır ki, ölkənin qeyri-rəsmi lideri, hakim partiyanın başçısı və oliqarx Bidzina İvanişvilinin razılığı olmadan qanun layihəsinə səs verməmiş deputatlar müstəqil şəkildə hərəkət ediblər.
Müxalifədən olan deputatlar baş verənləri “İvanişvilinin qoyduğu tamaşa, yaxud fənd” adlandırırlar.
“Bu əsrin “atışı” idi, hələ heç kim gürcü xalqını bu cür aldatmamışdı”, – mitinqin təşkilatçılarından biri Şota Diqmelaşvili deyib