Noyabrın 8-də Tbilisinin mərkəzində ultamillətçilərin "Gürcü marşı" təşkilatının üzvləri homoseksuallar haqda filmin nümayişinə etiraz olaraq "Amirani" kinoteatrına basqın etməyə cəhd ediblər, amma polis onlara izn verməyib.
Bu barədə 1tv.ge portalı xəbər yayıb. Məlumata görə, radikal millətçilər isveçli rejissor Levan Akinin “Və biz rəqs etdik” (And Then We Danced) filminin premyerasını etiraz ediblər.
Belə ki, film Gürcüstan Milli Balet truppasının iki rəqqası arasında homoseksual sevgi hekayətindən bəhs edir.
Aksiya iştirakçıları “ayıbdır, ayıb”, “Yaşasın Gürcüstan”, “Ar olsun” şüarları səsləndiriblər. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.
Etiraz aksiyaları Tbilisi və Batuminin digər kinoteatrlarının ətrafında da keçirilib.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, aksiya zamanı 11 etirazçı “polisə tabe olmadığına görə” həbs edilib.
İsveç tərəfindən ən yaxşı beynəlxalq bədii film kateqoriyasında Oscar mükafatına təqdim edilmiş “Və sonra biz rəqs etdik” adlı film Gürcüstanda homoseksualların həyatından bəhs edir.
Dünya boyunca tənqidçilərin müsbət rəylərini qazanmış bu film Gürcüstanın Pravoslav Kilsəsi tərəfindən lənətlənib.
Kinoteatr filmə bileti olanları içəri buraxdıqdan sonra qapılar bağlanıb.