Korrupsiya faktları haqqında məqalələr yazan araşdırmaçı jurnalist Daphne Caruana Galizianın öldürülməsiylə bağlı cinayət işindəki yeni faktlar Maltada hökümət böhranı yaradıb.
Baş nazir Joseph Muscat-ın mətbuat katibi Keith Schembri və turizm naziri Konrad Mizzi istefa verib. İqtisadiyyat naziri Chris Cardona istintaq bitənə qədər vəzifəsindən kənarlaşdığını açıqlayıb.
BBC-nin məlumatına görə, Keith Schembri-nin istintaqa ifadə vermək üçün polisə aparıldığı, polisin bir mənzildə axtarış etdiyi bildirilib. Konrad Mizzi "ölkədəki fövqəladə və ümumi vəziyyətə" görə istefa verdiyini açıqlayıb, "Cinayət xarakterli əməlim yoxdur" deyib. Chris Cardona isə "məhkəmə prosesi bitənə qədər müvəqqəti olaraq vəzifəsindən kənarlaşdığını" deyib. O bu qərarının qətiyyən Galizia hadisəsiylə bağlı oımadığını, polis bəzi açıqlamalar istəyəndən sonra cəmiyyətin faydası üçün bu addımı atmağa ehtiyac duyduğunu bildirib. Bu gün müxalifət partiyalarının deputatları parlament binasına girən Baş nazir Joseph Muscat-a xitabən "mafiya" deyə qışqırıblar. Parlament binasının önündə etiraz aksiyası keçirilib. Araşdırmaçı jurnalist Galizia məqalələrində Shcembri və Mizzi-ni korrupsiyada ittiham etmiş, hər iki siyasətçi bu iddianı rədd etmişdi. 53 yaşlı Galizia 16 oktyabr 2017-ci ildə Mosta şəhərindəki evindən çıxıb maşınına əyləşəndən az sonra avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində həlak olmuşdu. [caption id="attachment_84039" align="aligncenter" width="1600"] Jurnalistin ölümünün üstünün açılmamasına görə minlərlə insan etiraz etmişdi[/caption] İstintaq sürətlənib Keçən həftə maltalı iş adamı Yorgen Fenech sui-qəsdlə bağlı həbs ediləndən sonra istintaq yenidən sürətlənib. İddialara görə, bu yaxınlarda ailə şirkətindən istefa verən və lüks yaxtasıyla Maltadan çıxıb gedərkən tutulan Fenech-lə Schembri arasında əlaqə var. Bildirilir ki, Fench hadisəylə bağlı məlumat vermək qarşılığında əfv tələb edib. Sui-qəsdən bir az əvvəl Galizia-ya ötürülən sənədlərdə göstərilirdi ki, hökumət böyük bir elektrik stansiyasının istismarını Schembri-nin "Electrogas" enerji şirkətinə həvalə edib. Bu cinayətdə vasitəçi olduğu iddia edilən Melvin Theuma keçən həftə prezident fərmanıyla əfv edilib. O, sui-qəsddən sonra həbs edilən beş nəfərdən biriydi. Baş nazir Muscat parlamentdəki çıxışında bildirmişdi ki, Theuma-ya cinayət haqqında məlumatlar açıqladığına görə toxunulmazlıq verilib. Galizia baş nazir Muscat-ı və onun arvadını da "Panama sənədləri" qalmaqalında iştirakda günahlandırmışdı. Muscat hökumətdəki iki istefadan sonra onun da istefa barədə düşünüb-düşünmədiyi barədə suala "Yenidən seçkiyə qatılmayacağımı əvvəl də demişdim. İki müddətdən artıq bu vəzifədə olmaq fikrim yoxdur. İndi mənim əsas işim bu qarışıq dönəmi ən yaxşı şəkildə geridə qoymamızı təmin etməkdən ibarətdir. Bu işlə bağlı adamların dindirilməsi başa çatanda və istintaq bitəndə, mən də vəzifəmi nəzərdən keçirəcəm" deyə cavab verib. Muscat həmçinin deyib ki, "Cinayətlə mənim aramda hər hansı əlaqə qurularsa, bu halda mütləq istefa verərəm".