Dörd bölümdən ibarət olan sənədlərin birinci bölümündə ailə üzvləri düşərgələrə göndərilmiş şagirdlərin verdiyi suallara necə cavab verilməli - başlıqlı tövsiyyələr yer alır.
"Ailə üzvlərim hardadır?"
İlk sual: "Ailə üzvlərin haradadır?" . "Ailə üzvlərin hökümət tərəfindən təşkil olunmuş bir təlimə aparılıb" - şəklində başlayan cavablarda şagirdlərə ailə üzvlərinin heç bir cinayət törətmədiyini, ancaq təlimlərdən də istədiyi vaxt ayrılıb evlərinə gələ biləcəyi ilə bağlı deyilir.
Suallar irəlilədikcə cavabları da ağırlaşır. Əvvəldə "Heç narahat olmağa ehtiyac yoxdur" formasında başlayan sakitləşdirici cavablar sonradan daha çox təhdidlərlə dolu cavablara çevrilir.
Niyə tələbələr üçün xüsusi yanaşma tətbiq olunub?
Sənədlərdə haqqında bəhs olunan şagird və tələbələr ölkənin müxtəlif bölgələrində kommunist hökümət tərəfindən təqaüdlə oxudulanlardır. Rəsmi Pekin bu gənclərə Kommunist Partiya xətti ilə təhsil verərək Şərqi Türkistanı öz görüşləri ilə idarə edəcək yeni bir kadr potensialı yetişdirmək istəyir.
"Azad olmaları üçün düşüncələrindəki "virus" yox edilməlidir"
Çində müsəlmanlara qarşı başladılan zorakı siyasətin pik nöqtəsi 2014-cü ildən başlayır. Həmin ildə Şərqi Türkistana səfər edən Çin prezidenti Şin Cinpinq "radikal islam terroru" ilə mübarizə üçün iqtisadi yüksəlişin bəs etmədiyini və hökümətin əlindəki bütün gücü istifadə etməsi gərəkdiyini demişdi.
Sızan sənədlərdən bəlli olur ki, Çin prezidenti məmurlara tapşırıqlarında deyib ki, "Radikallara mərhəmət göstərilməsin, bu adamlarla ABŞ-ın 11 sentyabrdan sonra müsəlman radikallarla davrandığı kimi davranılsın".
Sənədlərdə diqqət çəkən daha bir məqam isə tələbələrin soruşa biləcəyi "Ailə üzvlərim cinayətmi törədib?" - sualına hazırlanan cavablardır:
"Onlar cinayət törətmədi, ancaq düşüncələrinə sağlam olmayan fikirlər bulaşdı. Düşüncələrindəki bu virus yox ediləndən sonra sağalacaqlar və azad ediləcəklər".
Çin hökümətinin bir müddətdir öz təhlükəsizliyinə təhdid kimi gördüyü uyğurları həbs düşərgələrində saxladığı iddia edilir. Rəsmi Pekin isə bu düşərgələrin təhsil və təlim mərkəzləri olduğunu, orada saxlanılanların peşə və davranış təhsilləri aldığını bildirir.