Almaniyada 'miqrant daşıyanlar' əməliyyatı: Əlövsət Əliyev və bir neçə AKM üzvü saxlanılıb

Almaniyada 'miqrant daşıyanlar' əməliyyatı: Əlövsət Əliyev və bir neçə AKM üzvü saxlanılıb
14 Noyabr 2019
Mətni dəyiş

Noyabrın 13-də alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb. Bu barədə məlumatı Almaniyanın “spiegel.de” saytı yazıb.

Məlumata görə, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub.

Xəbərdə bildirilir ki, hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparıblar.

Qəzet kimin evində axtarış aparıldığı və həbslər barədə məlumat vermir.

Almaniyanın “swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər.

Almaniyada mühacirətdə yaşayan bloger Həbib Müntəzirin məlumatına görə isə daha çox azərbaycanlı saxlanılıb. Onların arasında bir neçə müsavatçı, hətta keçmiş həbsxana rəisi də var.

H.Müntəzir bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləmiş Elçin Əkbərov da Almaniyada bu əməliyyat çərçivəsində saxlanılıb.

Həmçinin, Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri İlham Həsən, Müsavat AKM sədr müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov  (Mehdi Xəlilbəylinin qohumu), “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev, Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir Rəşad Məmmədov (Mehdi Xəlilbəylinin sürücüsü olduğu deyilir) və Almaniyada yaşayan siyasi mühacir Elşən Abdullayevin polis tərəfindən saxlanıldığı bildirilir. Həbib Müntəzirin sözlərinə görə, saxlanılanlar siyasi mühacir alverində, saxta sənədlər təşkil etməkdə ittiham olunurlar.

Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir.

Verilən məlumata görə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır.

Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, Əlövsət Əliyev noyabrın 13-də səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb.

Hazırda araşdırma aparılır, onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.

“Legat” İnteqrasiya Mərkəzi yalnız Almaniyada doğulan azərbaycanlı uşaqlara doğum şəhadətnaməsinin verilməsi və sənədlərin tərcüməsi ilə məşğul olub.

Mərkəzin hüquqi yardım göstərmək və məsləhət vermək ixtiyarı yoxdur. T.Rüstəmxanlı da yalnız nəzərdə tutulan çərçivədə fəaliyyət göstərildiyini deyir.

Mehdi Xəlilbəylinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun