15 Noyabr 2019
Mətni dəyiş
Türkiyədə tutduğu İŞİD-çiləri Avropaya geri göndərməklə hədələdiyi günlərdə Almaniya da ölkədə qeyri-qanuni şəkildə yaşayan türk vətəndaşları ölkədən çıxartmağı düşünür. Xatırladaq ki, bundan öncə Almaniya höküməti azərbaycanlı mühacirlərin yaşadığı evlərə basqın etmiş, bir neçə mühaciri həbs etmiş, 61 mühaciri isə Azərbaycana geri deportasiya etmişdi.
Almaniya Daxili İşlər Nazirliyi sentyabrın 30-na qədər 6 min 919 nəfər Türkiyə vətəndaşını ölkələrinə deportasiya etməyi planlaşdırsa da hələlik ilin doqquz ayına cəmi 296 türkü ölkələrinə yollaya bilib.
Nazirliyin bəyanatına görə deportasiya ediləcək türklərin dörddə üçündən çoxu Almaniyada müvəqqəti oturum izni almış adamlardır. Bu adamlar öz ölkələrinə ona görə qayıtmır ki, Türkiyə onlara müvəqqəti pasport vermir.
Alman Sol Partiyasının bu adamların niyə ölkədən hələ də çıxarılmamaları haqda hökümətə yönləndirdiyi sorğuya hökümət "şəxsiyyətlərini təsdiq edən sənədləri yoxdur" - cavabını verib.
Azad Demokrat Partiyası (FDP) baş katibi Linda Teuteberq "Die Welt" radiosuna deyib ki, bu adamların Almaniyadan çıxarılmasını sürətləndirmək üçün hakimiyyətə təzyiq göstərmək lazımdır, çünki bu mühacirlər Almaniyaya əlavə yük olur.