17 Noyabr Milli Dirçəliş Günü Azərbaycanda 1992-ci ildən qeyd edilir. Düz 31 il öncə, 1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Ermənistanın Qarabağla bağlı Azərbaycana ərazi iddialarına və SSRİ rəhbərliyinin bunun qarşısını almamasına etiraz olaraq mitinqlər başlayıb.
O dövrün şahidlərinin sözlərinə görə, Sovet İttifaqı rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.
Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun zorakılığı ilə dağıdılıb.
1992-ci ildə noyabrın 17-si bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.
Bundan bir il əvvəl, 1991-ci ildə isə Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi.
Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.