Bu günlərdə saytımıza müraciət edən vətəndaşlar “Kontakt Home” şirkətindən şikayət ediblər.
Abzas-a danışan vətəndaşın əsas şikayəti xarab malların satılması və zəmanət talonu şərtlərinin pozulması ilə bağlıdır.
Şikayətçilərdən biri Roza Məmmədova deyir ki, “Kontakt Home”-dan “Samsung A7” markalı telefon alıb. Telefonu alanda onunla müqavilə imzalanıb və 1 illik zəmanət verilib.
Onun sözlərinə görə, telefonu alıb evə gələndən sonra telefonun ekranında sönmələr, tutulmalar olub.
“Telefonu alıb evə gələnə kimi biz artıq gördük ki, telefonun ekranında sönmələr, tutulmalar olur. Lakin düşündük ki, yəqin ki, yene telefondur və işlədikcə düzələcək. Lakin üstündən 15-16 gün keçdikdən sonra, telefonun ekranı ümumiyyətlə söndü və ancaq zəng gəlib gedirdi. Biz şirkətin servis mərkəzinə gedib telefonda olan problemi bildirdik.Yoxladılar və məlum oldu ki, telefonun proqram təminatında problemlər yaranıb. Bizə dedilər ki, geri qaytarmırıq, amma söküb düzəldəcəyik. Telefon yeni idi və mən sökülməsini istəmirdim. Qaytarmayacaqlarını deyəndə, mən məcburiyyətdən 650 manatlıq və 15 günlük telefonun sökülməsinə razı oldum”, - deyə Roza Məmmədova bildirib.
Başqa bir neçə şikayətçi də şirkətin satdığı “Hoffmann” modelli telefondan şikayətləniblər.
Şikayətçilər deyirlər ki, “Hoffmann” modeli mənşeyi məlum olmayan ölkələrdən alınır, ancaq şirkətdə Avropa istehsalı kimi camaata satılır.
Şikyətçilərdən biri Təravət Soltanov deyir ki, şirkətdən iki telefon alıb və onlardan biri də “Hoffmann” markalı telefon alıb.
“2 ay keçəndən sonra telefon xarab oldu və mən servisə apardım, orda düzəltdilər və məndən 180 manat pul aldılar. Evə gələndə telefonu yükləməyə qoydum və gördüm ki, telefon enerji yığmır və ekran söndü. Yenidən zəng etdim, dedilər ki, gətirərsən, baxarıq. Yenidən apardım, dedilər ekran yanıb, dəyişməlidir və bu da 250 manat edir. Dedim ki, mən bu xarab telefonu sizdən almışam. Dedilər ki, biz düzəldərik, ancaq 250 manat ödəməlisiniz”, - deyə şikayətçi Təravət Soltanov bildirib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da bildirib ki, “Kontakt Home”-dan xeyli şikayətlər alırlar.
Onun sözlərinə görə, bu şirkətin əsas prinsipi budur ki, “Pulunu ver mənə, itil cəhənnəmə”.
“Dəfələrlə görüşüb danışmaq, istehlakçı hüquqlarının qorunması ilə bağlı müzakirə aparmaq istədik, mümkün olmadı. İqtisadiyyat Nazirliyinə də müraciət etmişik. Bu şirkət insanları müxtəlif aldatma yolları ilə süründürür. Məhkəmələrə müraciətlər var. Ümumiyyətlə, son 4 ildə bu şirkətdən sel kimi şikayətlər gəlir. Bu şirkətin əsas prinsipi budur ki, “Pulunu ver mənə, itil cəhənnəmə”. Əks halda bu qədər insana xarab, kreditdə olan telefonlar satılmazdı”, - deyə Eyyub Hüseynov bildirib.
Məsələ ilə bağlı “Kontakt Home” ilə əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.