Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bir qrup şəxs tərəfindən rəsmi sənədlərin və ali məktəb diplomlarının saxtalaşdırılması, qanunsuz hazırlanması və satılması faktını müəyyən edib.
Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmirin Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılmış axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülüb.
Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiqin xidməti otağında, sonuncuya məxsus şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülüb.
Gəncədə axtarış zamanı cinayətkar qrupun üzvü Azər İmamquliyevdə Təhsil Nazirliyinin və Azərbaycan Müəllimlər İnstitutunun bir sıra filiallarının saxta möhürləri aşkar edilib və müsadirə edilib.
Aparılan axtarışlar və digər istintaq hərəkətləri zamanı Məmmədovun Universitetin kafedra müdiri vəzifəsində işləyərkən laborant Qasımov, İmamquliyev, Hümbətov və digər şəxslərlə birgə cinayətkar qrup yaratdığı, saxta sənədlərin hazırlanması və satışı üzrə öhdəlikləri onlar arasında böldüyü müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işləri aılıb. Yuxarıda adı çəkilən bütün şəxslər məhkəmə qərarı ilə həbs edilib.