ABŞ prezidenti Tramp Türkiyənin Suriyada qırmızı xəttləri keçən bir addım atması halında bu ölkənin iqtisadiyyatını tamamilə məhv edəcəyi ilə hədələyib.
Tramp bunun ardıyca verdiyi başqa bir bəyanatda isə bildirib ki, Türkiyənin Suriyada qeyri-insani bir hərəkətə yol verərsə iqtisadiyyatı böyük zərər görəcək.
ABŞ prezidenti "Twitter" sosial şəbəkəsindən paylaşdığı açıqlamasında "Türkiyə həddini aşsa, iqtisadiyyatını darmadağın edərəm. Daha əvvəl də bunu etmişdim" deyib.
Trampın bu tvitindən sonra Türkiyədə dollar lirəyə istinadən bahalaşıb və 5.80 olub.
"Türklər, avropalılar və hamı birlikdə ələ keçirilmiş İŞİD döyüşçülərinə və onların ailələrinə qarşı diqqətli olmalıdırlar. ABŞ hər hansı şəxsin düşünə biləcəyindən daha çoxunu edib, İŞİD Xilafətinin 100-dən 100-nü ələ keçirmək də bura daxildir. İndi ABŞ öz torpaqlarını qorumalıdır. Bölgədə rifah səviyyəsi yüksək olanların digərlərinin torpaqlarını qorumaq vaxtı gəlib çatıb. ABŞ çox böyükdür", - deyə Tramp açıqlamasında bildirib.
ABŞ prezidenti bundan əvvəl Twitter-də yazdığı açıqlamada isə ölkəsinin Suriyada İŞİD-lə mübarizəyə lazım olduğundan daha çox vaxt sərf etdiyini deyib. Tramp bundan sonra Suriyadakı vəziyyətlə Türkiyə, Avropa, Suriya, İran, İraq, Rusiya və kürdlərin maraqlanmalı olduğunu bildirib.
Prezident ABŞ-ın "İŞİD-i 100-də 100 məğlub etdiyini", ancaq "xüsusilə Avropadan gəlmiş İŞİD silahlılarını qitə ölkələrinin geri qəbul etmək istəmədiyini və ölkəsinin artıq artıqlaması ilə əvəz ödəməsinə rəğmən İŞİD yaraqlılarını həbsdə saxlaya bilməyəcəyini" vurğulayıb.
ABŞ prezidenti "kürdlər bizimlə vuruşdular, lakin buna görə pul və canlı dəstək aldılar. Türkiyə ilə on illərlə mübarizə aparırlar. Mən bu mübarizəni üç il gecikdirməyə çalışdım, amma artıq bizim üçün bir çoxu nəsil davası olan və sonsuzluğa qədər davam edə biləcək bu mənasız mübarizədən geri çəkilmək və əsgərlərimizi evə qaytarmaq vaxtıdır" deyib.
Tramp tvitlərin ardınca Yaponiya ilə ticarət anlaşması imzalamaq üçün jurnalistlərə müsahibə verib və Suriya ilə bağlı suallara "Suriya məsələsində heç kimin tərəfində deyiləm və bu ölkədəki öhdəlik qısamüddətli olmalı idi, biz isə illərdir oradayıq" deyib.
ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətinin rəhbəri Jonathan Hoffman verdiyi açıqlamada "ABŞ-ın Türkiyənin şimali Suriyada planlaşdırdığı əməliyyatı dəstəkləmədiyini və ABŞ ordusunun da bu əməliyyatları dəstəkləməyəcəyini" bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan ölkəsinin Suriyanın şimal-qərbində əməliyyatlar planlaşdırdığını deyəndən sonra telefonla Erodğana zəng edən Tramp Suriyadan geri çəkiləcəklərini və həbs olunmuş İŞİD döyüşçüləri ilə artıq Rusiya, Türkiyə, Avropa və kürdlərin məşğul olması gərəkdiyini bildirmişdi.