Tramp ABŞ-ı 'Paris razılaşması'ndan çıxaracağını bir daha bəyan edib

Tramp ABŞ-ı 'Paris razılaşması'ndan çıxaracağını bir daha bəyan edib
24 Oktyabr 2019
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp "İqlimlə bağlı Paris razılaşması"ndan çıxmaqla bağlı planlarını bir daha dilə gətirib.

Tramp oktyabrın 24-də energetika məsələlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib ki, Paris razılaşması ABŞ-ın energetika sənayesini dayandırır, ona çoxlu məhdudiyyətlər qoyur.

"Bununla belə xarici şirkətlərin ətraf-mühiti çirkləndirməsinə və cəzasız qalmasına imkan verir. Biz amerika xalqının bu cürə cəzalanmasına və əcnəbi çirkəndirici şirkətlərinsə varlanmasına imkan vermərik".

Trampın mövqeyini tənqid edənlər isə Amerikanın "təmiz" iqtisadiyyat razılaşmasından çıxaraq eyni zamanda dünya liderliyindən də geri qala biləcəyini iddia edirlər.

Belə ki, "Center of American Progress" liberal-analitik təşkilatının rəhbəri Nira Tandan deyir ki, Trampın güc göstərməsi və iqlim razılaşmalarına əməl etməməsi birlikdə Rusiya və Çinin dünya liderliyinə daha çox can atmasına aparıb çıxaracaq. Çünki bu ölkələr dövrün çağırışı olan iqlim və başqa şeylərə daha çox diqqət verməyə başlayıblar.

Xatırladaq ki, Tramp dəfələrlə Obamanın imzaladığı Paris razılaşmasından çıxacağını bəyan edib. Tramp bununla bağlı 2019-cu ilin noyabr ayında ilk addımını ata bilər.

Razılaşmadan çıxmaq ABŞ-a bir ilə başa gələcək. Beləliklə, ABŞ bu razılaşmadan çıxsa belə məsələ 2020-ci ildə keçiriləcək 3 noyabr seçkilərindən sonra gerçəkləşəcək.

İqlimlə bağlı Paris razılaşması ölkələri qlobal istiləşmə və ətraf-mühitin çirkəndirilməsi kimi məsələlərdə tədbirlər görməyə, sənaye və istehsalatda iqlimə vurulan zərəri nəzərə alaraq bir sıra məhdudlaşdırmalar həyata keçirməyi nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun