Seçki ekspertindən MSK sədrinə cavab: 'Qapalı seçkilər müdaxiləyə daha çox imkan verir'

Seçki ekspertindən MSK sədrinə cavab: 'Qapalı seçkilər müdaxiləyə daha çox imkan verir'
16 Oktyabr 2019
Mətni dəyiş

“Dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir”.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

MSK sədri qeyd edib ki, Azərbaycanda seçki sistemi Avropa standartlarına uyğunlaşdırılıb:

“Seçki sistemi təkmilləşdirilib, zamanla qanunvericiliyə müvafiq dəyişiklikər edilir. Ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub. Müəyyən qarşıdurmaya cəhdlər olub. Amma bunlara baxmayaraq nailiyyətlər əldə etmişik. MSK-nın seçki işi ilə əlaqəli olan beynəlxalq qurumlarla əməkdaşlığı davam edir. Bəzi hallarda Azərbaycandakı seçki sistemini bəyənməyiblər, biz onlara izah etmişik, müzakirələr aparmışıq".

"Seminar keçirik ki, xoşagəlməz halların sayı az olsun"

M.Pənahov bildirib ki, hazırda ucqar rayonlarda da səsverəmənin həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Onun sözlərinə görə, bununla belə, arxayınlaşma olmamalıdır.

"Bilirsiniz ki, seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər. Dünya durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil. Dairə seçki komissiyalarının sədrləri xoşagəlməz halların baş verməsindən sığortalanmayıb. Seminar-müşavirə keçiririk ki, xoşagəlməz halların sayı az olsun. Dünyanın heç bir yerində ideal seçici siyahısı tərtib etmək mümkün deyil”, - deyə Məzahir Pənahov bildirib.

ATƏT hər seçkidən sonra hökümətə tövsiyyələr verir

Məsələni Abzas-a şərh edən seçki eksperti Bəşir Süleymanlı bildirib ki, Məzahir Pənahovun seçki haqda fikirlərinə seçkidəki beynəlxalq standartlar çərçivəsində baxarsaq yumuşaq desək doğru deyil.

[caption id="attachment_33122" align="aligncenter" width="1023"] Bəşir Süleymanlı[/caption]

"Beynəlxalq təşkilat olan ATƏT-in seçkilərin qiymətləndirilməsi üçün öz standartları var. Bilirsiniz ki, seçkilərin monitorinqi ilə məşğul olan ən böyük qrup ATƏT-in “Demokratik təsisatlar və insan hüquqları” bürosudur. ATƏT hər seçkidən sonra Azərbaycan hökümətinə seçkilərin qiymətləndirilməsi və orda baş verən qanunsuzluqların aradan qaldırılması ilə bağlı tövsiyələr verir".

"Komissiyalar hələ də bərabər təmsilçilik prinsipi ilə qurulmayıb"

Ekspertin sözlərinə görə, uzun illər hökumətə verilən tövsiyələrə baxmayaraq seçki komissiyalarının tərkibi hələ də bərabər təmsilçilik prinsipi ilə qurulmayıb. Yəni əks fikirli tərəflərin, müxtəlif fikirlilərin təmsilçiliyi ilə qurulmur.

"Seçki komissiyaları birmənalı olaraq hakimiyyətdə olan siyasi qurumların nəzarətindədir. Digər tərəfdən siyasi azadlıqlarla bağlı problemlərin olması dəfələrlə qeyd olunur. Məsəlçün, ölkədə siyasi məhbuslar var, vətəndaş cəmiyyətinin işinə şərait yaradılmır, beynəlxalq təşkilatların, donorların ölkədə fəaliyyətinə imkan verilmir və s. Bunlar hamısı seçki hesabatlarında öz əksini tapır", - deyə Süleymanlı bildirib.

Ekspert bildirir ki, bu kimi hallar seçkilərin azad və ədalətli şəkildə keçirilməsinə imkan vermir.

"Partiyalara siyasi tədbirlərini keçirməyə imkan verilmir"

Onun sözlərinə görə, siyasi partiyalarla bağlı da problemlər var, siyasi partiyaların öz qurultayları və siyasi tədbirlərini keçirməyə imkan verilmir, tədbirlər dağıdılır, onlara şərait yaradılmır. Əgər belə hallar varsa, onda seçkilər necə ədalətli və azad şəraitdə keçirilə bilər.

"Həmçinin, seçkilərə müdaxilə ilə bağlı onu deyim ki, belə müdaxilələr dünyanın hər yerində ola bilər. Bu o demək deyil ki, buna görə seçkiləri qapalı və ədalətsiz şəkildə keçirmək lazımdır. Heç ABŞ bundan sığortalanmayıb, orda seçkilərə müdaxilə ilə bağlı illərdir araşdırma aparılır, ancaq bununla belə ABŞ bu hala görə seçkiləri qapalı şəraitdə keçirməyə çalışmır".

Bəşir Süleymanlı bildirir ki, qapanmalar müdaxiləyə daha çox imkan yaradır, çünki açıq şəraitdə heç bir seçki tərəfi imkan verməz ki, seçkiyə kənar müdaxilə olsun.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun